Azərbaycan Tibb Universitetinin professoru NDU-nun Tibb fakültəsinin tələbələrinə min nüsxə kitab hədiyyə edib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Cabbar Hacıyevin “Ümumi cərrahlıq” adlı ikicildlik dərsliyinin təqdimatı olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Cabbar Hacıyevin elmi fəaliyyətindən bəhs edib, tanınmış alimi universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağının tibb təhsilində Azərbaycan Tibb Universiteti təcrübəsinin böyük rolu və dəstəyi olub. Rektor fakültənin təcrübi dərslərin keçirilməsində müstəsna əhəmiyyətə malik olan maddi-texniki bazasından danışıb. Əlverişli tədris şəraitinin, müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğunun tibb təhsili üçün əhəmiyyət daşıdığını qeyd edən rektor vurğulayıb ki, əcnəbi tələbələrin çoxu da məhz hər cür şəraiti olan bu fakültədə təhsil almağa üstünlük verirlər. Professorun universitetə 1000 nüsxədən ibarət dərsliklərin hədiyyə etməsini yüksək qiymətləndirən rektor bu günə qədər ali təhsil ocağına bu sayda təqdim edilən ilk kitab hədiyyəsi olduğunu diqqətə çatdırıb.

Universitetin Ümumi təbabət və klinik fənlər kafedrasının professoru, həkim-cərrah İsa Abdullayev hər iki kitabın elmi və təcrübi əhəmiyyətini vurğulayıb. Bildirib ki, proqram əsasında yazılmış dərslik 2 cild və 18 fəsildən ibarətdir. Dərsliyin I cildində dünya və Azərbaycan cərrahlığının tarixi, cərrahlıqda etik və hüquqi normalar, cərrahi xəstənin müayinə üsulları, cərrahi müdaxilə və əməliyyatdan sonrakı dövr haqda geniş məlumat verilib. Kitabda ümumi cərrahlığa aid məsələlər, yeni diaqnostika və müalicə üsulları ətraflı şərh edilib. Dərsliyin II cildində isə yaralar, termiki zədələnmələr, cərrahi infeksiya, ətrafların qan və limfa dövranı çatmazlığı, şişlər, cərrahi parazitar xəstəliklər, bərpaedici və plastik cərrahlıq kimi məsələlər barədə məlumat verilib.

Ali təhsil ocağının Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, “Universitet xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah Cəbi İsmayılov professorun tələbə yoldaşı olaraq öz ürək sözlərini ifadə edib. Vurğulanıb ki, cərrahlıqda “Regenerasiyanın limfoid tənzimi” adlı yeni elmi istiqamətin əsasını qoyanlardan olan Cabbar Hacıyev 1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olub. Bakıda Tibb Universitetini Lenin təqaüdü ilə oxuyan professor universiteti fərqlənmə diplomu ilə bitirib. 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin, 1998-ci ildən Avrasiya Qastroenteroloji Cəmiyyətinin üzvüdür. 1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texniki Yaradıcılıq müsabiqəsinin laureatı olub. 2002-ci ildə XXI əsrin tanınmış həkimi seçilən Cabbar Hacıyev 2003-cü ildə isə XXI əsrin tanınmış alimi beynəlxalq diplomlarına layiq görülüb. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilib. 250-dən çox elmi əsərin, 9 ixtira və patentin, 18 səmərələşdirici təklifin, 1 monoqrafiyanın və 4 dərsliyin müəllifi olan professor dalağın zədələnmələrində 5 üzvqoruyucu əməliyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev-Abbasov tikişi) müəllifidir.

Qeyri-səlis nəzəriyyənin tibdə tətbiqinə dair elmi işləri ilə xarici ölkələrdə də şöhrət qazanan Azərbaycan Tibb Universitetinin həkim cərrahı Elman Tağıyev çıxış edərək öz müəllimi Cabbar Hacıyevlə bağlı maraqlı xatirələrini bölüşüb. Deyib ki, hər iki Qarabağ müharibəsinə könüllü olaraq qatılan məşhur həkim-cərrahımız həm də öz vətənpərvərliyi ilə gənc nəslə örnəkdir.

Ümumi cərrahiyyə ixtisası üzrə həkim-rezident Günel İbrahimova tələbələr üçün mühüm əhəmiyyət daşıyan belə kitabın təqdimi üçün minnətdarlığını ifadə edib.

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Cabbar Hacıyev muxtar respublikada hər sahədə görülən yüksəliş fonunda səhiyyənin də üstün mövqeyindən danışıb. “Tələbə öz müəllimini ötmürsə, onda inkişafdan danışmaq olmaz” - deyən professor gələcəyin həkimlərinə tövsiyələrini çatdırıb.

Professor kitablarını imzalayaraq tələbələrə təqdim edib. Universitet tərəfindən isə professora plaket hədiyyə olunub.

Tədbirin ikinci günü professor Cabbar Hacıyevin iştirakı ilə Tibb fakültəsinin professor-müəllim heyəti üçün seminar məşğələ keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: