Məmməd Səid Ordubadinin “Nizaminin dövrü və həyatı” məqalələr toplusunun ikinci kitabı çapdan çıxıb

A- A A+

Məmməd Səid Ordubadinin “Nizaminin dövrü və həyatı” məqalələr toplusunun ikinci kitabı işıq üzü görüb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məlumat verilib. Bildirilib ki, yeni nəşrin ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayanı, tərtibçisi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Nailə Səmədovadır.

Kitabın elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri tarix elmləri doktoru, professor Şahin Fazil və filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.

Dahi söz ustadı Nizami Gəncəvinin irsi doqquz əsrə yaxındır ki, təzkirə müəlliflərinin, alim və mütəxəssislərin araşdırma mənbəyi olub. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi də Nizami dühasından ilhamlanan böyük şəxsiyyətlərdəndir. Təqdim olunan kitab Əlyazmalar İnstitutunda yazıçının şəxsi arxivində saxlanılan materiallar əsasında tərtib edilib.

M.S.Ordubadi söz səltənəti xaqanının bədii surətini “Qılınc və qələm” romanında böyük məharətlə canlandırıb. Onun Nizami Gəncəvi ilə bağlı tədqiqatlarının bu möhtəşəm tarixi romanın ərsəyə gəlməsində rolu danılmazdır. Sözügedən romanın avtoqraf nüsxələri yazıçının şəxsi arxivində saxlanılır.

“Nizaminin dövrü və həyatı” əsərində Şərqin böyük şairləri Məhsəti Gəncəvinin, Ömər Xəyyamın həyat və yaradıcılığını təzkirələrə, özünün araşdırmalarına əsasən tədqiq və təhlil edən M.S.Ordubadi onların, eləcə də Sədi, Hafiz, Möhləvi və digərlərinin əsərlərindən nümunələr gətirir. Bu nümunələrlə yazıçı nəinki Nizami dövrünün və yaradıcılığının, eləcə də Şərq ədəbiyyatının kamil bilicisi, mütəxəssisi kimi özünü təsdiqləyib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan məqalələr toplusu filoloq, tarixçi, tələbələr və tədqiqatçılar üçün dəyərli töhfədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: