AMEA Naxçıvan Bölməsində "Elm günü" qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində "Elm günü" ilə əlaqədar konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilən “Elm günü”nün əhəmiyyətindən bəhs edib. Akademik muxtar respublikada elmin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edərək diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin elm siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Elmin inkişafı üçün imzalanan qərar və sərəncamların, qəbul olunan dövlət proqramlarının, təsdiq edilən tədbirlər planlarının icrası istiqamətində mühüm tədbirlər reallaşdırılır. 

İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin keçdiyi inkişaf yolundan, maddi-texniki bazadan, kadr hazırlığından, nəşrlər, layihələr və tətbiqyönümlü işlərdən, elm, təhsil və beynəlxalq əlaqələrdən də bəhs edib. 

Naxçıvanın tarixinin, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması və əldə olunan mühüm nəticələrin nəşr edilməsi sahəsində də uğurların qazanıldığını diqqətə çatdıran Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva vurğulayıblar  ki, ümumiyyətlə, Naxçıvanda ali təhsil müəssisələrinin nümayəndələrinin və elmi əməkdaşların 572 monoqrafiyası, 601 kitabı, 62 dərsliyi, 890 dərs və metodik vəsaiti, 22 min 601 elmi məqaləsi, konfrans materialı və tezisi çap edilib, 22 xəritəsi tərtib olunub. Elmi məqalələrindən 420-si “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilib. Açıq dünya ensiklopediyası - Vikipediyanın ingilis və rusdilli səhifələrində Naxçıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsi həyata keçirilib, Azərbaycandilli Vikipediya ensiklopediyasında redaktələrlə yanaşı, Naxçıvan tarixi, mədəniyyəti, təbii sərvətləri ilə bağlı 232 yeni məqalə yerləşdirilib.
 
Konfransda muxtar respublikada elm və ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən kompleks tədbirlərdən danışılıb, əldə olunan elmi uğurlardan bəhs olunub. 

Çıxış edənlər Naxçıvan Muxtar Respublikasında elmin inkişafına, ziyalılara göstərdiyi diqqət və qayğıya görə, dövlətimizə minnətdarlıqlarını  bildiriblər 

Röyal Kərimov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: