Naxçıvanda STEAM Tədris Mərkəzi yaradıldı - FOTOLAR
2020-2021-ci tədris ilindən muxtar respublika ümumtəhsil məktəblərində STEAM kabinələri yaradılır, müəllimlər bununla bağlı təlimlərə cəlb olunurlar. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb.
Mərkəzin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov bildirib ki, ümumtəhsil müəssisələrində yaradılan STEAM kabinələri lazımi avadanlıqlarla təchiz olunur, eyni zamanda təlim üçün metodik vəsaitlər, VI və VII sinif dərslik və proqramlar çap olunub istifadəyə verilir. Ötən müddət ərzində Şərur rayon Qarabürc və Şəhriyar kənd, Ordubad şəhər 1 nömrəli və Nüsnüs kənd, Naxçıvan Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına Hərbi Liseydə STEAM kabinələri yaradılıb. Hazırda 38 məktəbdə də STEAM kabinələrinin qurulması davam etdirilir. Bu günə qədər 60 müəllim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllim isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan STEAM təlimlərində iştirak edib.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzi müasir dizaynda hazırlanaraq lazımi avadanlıqlarla tam təmin edilib.
Sonra mərkəzdə quraşdırılan avadanlıqlara baxış olub. Məlumat verilib ki, mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Arduino, LCD ekranlar və tədris üçün digər zəruri dəstlər və avadanlıqlarla tam təmin olunub. Bildirilib ki, mərkəz innovativ texnologiyalardan istifadə və tətbiqetmə bacarıqlarının şagirdlərdə formalaşdırılması, onların irəli sürdüyü ideyaların reallaşmasına da dəstək göstərəcək.
Qeyd edək ki, STEAM şagirdlərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İnformasiya Kommunikasiya Texnologiyaları avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini inkişaf etdirir.
Ərhan Novruzov