Kimya elmlər doktoru Bayram Rzayevin 80 illiyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar İnstitutunun elmi-işlər üzrə direktor müavini, kimya elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bayram Rzayevin 80 illik yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev alimin həyat və elmi fəaliyyətinə nəzər salıb. Onun yüksək insani məziyyətləri və işgüzar elmi fəaliyyətindən bəhs edən akademik diqqətə çatdırıb ki, Bayram Rzayev ömrünü elmə, elmi tədqiqatlara həsr edib. Səmərəli fəaliyyəti 40-ı kitab və monoqrafiya olmaqla 400-dən artıq elmi əsərdə öz əksini tapıb. O, analitik kimya sahəsində yenilikçi tədqiqatları ilə nəzəri bilikləri praktikaya uğurla tətbiq edərək nəticədə 20 müəlliflik şəhadətnaməsi və patent alıb. Kimyaçı alimin yarıməsrlik elmi fəaliyyəti, kimya elminə verdiyi töhfələr bu sahə tədqiqatçıları üçün əsl nümunədir.
Sonra İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və 80 illiyi münasibətilə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını yubilyara təqdim edib.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Kimya elmləri doktoru Bayram Rzayevin həyatı və elmi fəaliyyəti” mövzusunda çıxış edib. Qeyd edib ki, Bayram Rzayev Naxçıvan şəhər bilik cəmiyyətinin sədri olub. Muxtar respublikada mineral sərvətlərin işlənməsi üzrə ilk laboratoriya məhz onun tərəfindən yaradılıb və ilk patent Bayram Rzayev tərəfindən alınıb. Onun “Arsen və Darıdağ termal suyu”, “Dəri texnologiyası”, “Molibden”, “İndium” kitabları da sanballı elmi nəşrlərdəndir. Bayram Rzayevin iki cildlik və 1000 səhifədən ibarət “Kimya tarixi” kitabı və bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan Qısa Kimya Ensiklopediyası tək kimyaçılar üçün deyil, istənilən şəxs üçün faydalı ola bilər.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülən Bayram Rzayev 2010-cu ildə Elmin İnkişafı Fondunun birinci qrant layihəsi müsabiqəsinin ilk qaliblərindən biri olub.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova çıxış edərək yubilyara təbriklərini çatdırıblar.
Tədbirin sonunda Bayram Rzayev elmi fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını bildirib.
Turab Hacızadə