Naxçıvan Müəllimlər İnstitutunda “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda rektor Azad Novruzov bildirib ki, 1918-ci ilin 31 martında ermənilər Bakı da daxil olmaqla, respublikamızın ayrı-ayrı bölgələrində yaşayan minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişində baş verən qanlı hadisələr obyektiv qiymətini alıb. Törədilən terror və genosid soyqırımı aktları dünyaya bəyan edilib. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı erməni terrorizminin əsl simasını açıb.
Konfransda İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Qurban Qurbanlı və pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyev bildiriblər ki, ermənilərin 103 il əvvəl törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması əsas vəzifəmizdir. Çünki mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biridir.
Sonda soyqırımı həqiqətlərinə həsr olunmuş sənədli filmə baxış olub.
Adilə Səfərova