“Naxçıvan” Universitetində elmi konfrans: 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

A- A A+

Müasir tariximizdə  törədilən Xocalı soyqırımı və 44 günlük Vətən Müharibəsi dövründə Gəncə və Bərdə şəhərlərində, yenə də silahsız, dinc sakinlərin hədəf alınması ermənilərin xalqımıza qarşı genosid siyasətinin sübutudur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri “Naxçıvan” Universitetində təşkil olunan konfransda rektor Nurlana Əliyeva səsləndirib. Ermənilər tərəfindən tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırımı və terrorizm siyasətindən danışan rektor qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə ilə düşmənə hər sahədə güclü zərbə vuruldu. Ali Baş Komandanımızın qətiyyəti və Müzəffər ordumuzun rəşadəti ilə doğma torpaqlarımız işğaldan azad edildi, soyqırımı qurbanlarının qisası alındı. Erməni xisləti dünya miqyasında ifşa olundu.

Universitetin “Ümumi tarix” kafedrasının dosenti Elçin Zamanov müxtəlif müəlliflər tərəfindən yazılan, tarixi faktlara əsaslanan ermənilərin soyqırım siyasətinə həsr olunan kitabları təqdim edib, əsərlərdə yazılan əsas məqamları diqqətə çatdırıb.  

Qeyd olunub ki, ötən illər ərzində aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Üzə çıxan tarixi faktlar erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların  coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Azərbaycan həqiqətlərinin və 31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında gənclərin də bu işdə yaxından iştirakının vacibliyi vurğulanaraq qeyd olunub ki, gənclər xalqımızın başına gətirilən faciələri, soyqırımları unutmamalı, daima yaddaşlarında saxlamalı və xalqımızın yaddaşına qızıl hərflərlə yazılan qəhrəmanlarımızın yolunu davam etdirməli, güclü, qüdrətli Azərbaycan Ordusu ilə daim fəxr etməlidirlər.

Sonda konfransda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: