AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən tədbir “Azərbaycanlılara qarşı soyqırım siyasəti: səbəbləri, nəticələri, dərsləri” mövzusunda təşkil olunub.
Əvvəlcə 200 ildən artıq müddət ərzində bölgədə süni şəkildə formalaşdırılan “erməni sindromu” haqqında danışan Bölmənin sədri, akademik İsmayıl Hacıyev ermənilərin tarixin müxtəlif dövrlərində Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bəhs edib. Bildirilib ki, Gülüstan və Türkmənçay müqavilələri ilə əzəli Azərbaycan torpaqlarının iki imperialist dövlət arasında bölüşdürülməsindən, bu ərazilərə ermənilərin köçürülməsindən sonra köçəri ermənilər dövlətyaratma xülyalarını gerçəkləşdirmək üçün heç bir tarixi əsası olmayan “torpaq mübarizəsi”nə başlayıblar. Bu arzunun reallaşması üçün mənfur düşmən dinc Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinə başlayıb, çoxsaylı qətliamlar törədib.
Qeyd olunub ki, sözügedən tarixi cinayətlərə ilk adekvat siyasi qiymətin verilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib, xalqımıza qarşı törədilən erməni qəddarlığı rəsmi şəkildə bəyan edilibdir. Bu məqsədyönlü siyasətin davamı olaraq Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncam imzalayıbdır. Qəbul olunan hər iki dövlət sənədi erməni vandalizmini ifşa etməklə yanaşı, çoxsaylı tədqiqatların aparılmasına, beynəlxalq aləmdə təbliği məsələlərinə rəvac veribdir.
44 günlük Vətən müharibəsinin nəticələri haqqında fikir bildirən alim söyləyib ki, Ali Baş Komandanın səriştəli rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar təkcə düşməni diz çökdürmədi, ermənilərin əsrlərdən bəri davam edən “missiyasına” tutarlı cavab oldu. Bu gün bir sıra dünya dövlətlərinin Azərbaycan həqiqətlərini tanıması bu istiqamətində görülən işlərin uğurlu nəticəsidir.
Konfransda AMEA Naxçıvan Bölməsi əməkdaşlarından dosent Emin Şıxəliyevin “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”, dosent İlhami Əliyevin “XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar”, dosent Toğrul Xəlilovun “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası” və dosent Elxan Məmmədovun “31 mart soyqırımı bədii ədəbiyyatda” mövzusunda məruzələri dinlənilib. Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.