Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Aşıqlar Birliyi tərəfindən aşığın “Lirika” kitabı nəşr olunub. Kitabda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının “Ələsgərəm hər elmidən halıyam...” başlıqlı “Ön sözü” yer alıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə institutdan məlumat verilib. Bildirilib ki, kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
Kitab “Zərdabi nəşr” MMC nəşriyyatında çap olunub. Dörd bölmədən ibarət kitabda gəraylı, qoşma, təcnis və müxəmməslər yer alıb. Həmçinin aşığın şeirlərində işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin lüğəti verilib. İlk dəfə olaraq bu topluda aşığın şeirlərinin hansı aşıq havası üstə oxuna bilməsi barədə nümunələr göstərilib. Toplu H.Əlizadə və M.H.Təhmasib və İ.Ələsgərin hazırladıqları kitablar, eyni zamanda, ustad aşıqların repertuarı əsasında ərsəyə gəlib.