Azərbaycanın Pakistandakı səfiri Naxçıvan Dövlət Universitetinin qonağı olub - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin növbəti qonağı Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüş ali təhsil ocağının Diplomatiya kabinəsində təşkil olunub. Əvvəlcə universitetin rektoru Elbrus İsayev ali təhsil ocağı haqında qonağa ətraflı məlumat verib. 2020-ci ildə qazandığımız qələbədə Ali Baş Komandanın yüksək siyasi bacarığı, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə bərabər Pakistan dövlətinin də siyasi və mənəvi dəstəyinin əhəmiyyəti qeyd olunub. Rektor Pakistanın tutduğu qətiyyətli və prinsipial mövqeyin xalqımız tərəfindən həmişə böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə universitet haqında xoş təəssüratlarını bölüşüb. Qeyd edib ki, Pakistan Azərbaycanın haqq işində hər zaman dövlətimizin, xalqımızın yanında olub, bizə öz dəstəyini açıq və birmənalı şəkildə ifadə edib.
Əli Əlizadə ali təhsil ocağının Beynəlxalq münasibətlər ixtisası tələbələri üçün mühazirəsində bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. Diplomat hər iki ölkə arasında xarici əlaqələri tarixi faktlarla tələbələrə çatdırıb.
Qarşılıqlı müzakirədə təhsil sahəsində perspektivlər dəyərləndirilib, müəllim və tələbələrin sualları cavablandırılıb.
Səfir Diplomatiya kabinəsində qonaqlar üçün ayrılan xatirə dəftərinə ürək sözlərini qeyd etdikdən sonra universitet televiziyasına müsahibə verib.