Ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib - FOTOLAR

A- A A+

Şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, təhsil müəssisələrinin kitabxanalarının  zəruri avadanlıqlarla təchiz olunması, fondun daima zənginləşdirilməsi diqqətdə saxlanılır. Məktəb kitabxanalarının kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülüb, 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunan bədii ədəbiyyatla təmin edilib.

Qeyd olunub ki, şagirdlərdə mütaliəyə marağı artırmaq, həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyat nümunələrinin mütaliəyə təşviq edilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. 

Vurğulanıb ki, təşviqat işini gücləndirmək məqsədilə ümumtəhsil məktəblərində 2019-cu ildən keçirilən “Mütaliə aylığı” çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları kitab oxumağa həvəsləndirən silsilə tədbirlər keçiriləcək. Həmçinin ay ərzində, şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək və dram müsabiqəsi keçiriləcək.

Tədbirdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Fərəcova “Şagirdlər arasında mütaliə mədəniyyətinin formalaşmasında məktəbin qarşısında duran vəzifələr”, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin kitabxana müdiri Gülnar Əsgərova “Şagirdlər arasında mütaliəyə marağın yaradılmasında məktəb kitabxanasının rolu” və Heydər Əliyev adına tam orta məktəbin müəllimi Aynur Abbasova “Oxunması zəruri olan kitablar"ın mütaliə mədəniyyətinin formalaşmasında rolu” mövzularında çıxış edib, muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: