İnsan dünyaya göz açanda ilk olaraq anasını görür, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini ana nəfəsi kimi duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir. Biz Vətən sevgisinin odunu, ana yurdun doğmalığını, əvəzolunmazlığını hələ uşaq ikən duyub, hiss edirik.Vətən bizim qibləgahımız,səcdəgahımız olur!
Vətənə uzanan əl sanki ürəyimizi yerindən söküb çıxarmaq üçün sinəmizi yaran süngü kimi əzab verir insana. Bu zaman düşmənə olan sonsuz nifrətimiz yenilməzlik zirehi olub vücudumuzu sararaq qisas almaq arzumuzu alovlandırır.
44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan mayor İsmayılov Fuad Murad oğlu da uşaq yaşlarından düşmənə nifrət hissi ilə böyüyübdü. 1986-cı ilin oktyabr ayının 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gələn Fuad ailəsinin ilk sevinci idi. Orta təhsilini I Qarabağ müharibəsi şəhidi olan Vəli Canməmmədov adına 1 saylı tam orta məktəbdə alan Fuad uşaqkən belə bir an olsun Xocalı qurbanlarını unutmaz, bir gün mütləq onların qisasını alacağını deyərdi. Fuad böyüdükcə gələcəklə bağlı arzuları, xəyalları da dəyişirdi. Dəyişən xəyalların önündə heç dəyişməyən, hətta ilk vaxtlardan daha güclü olan bir arzu dayanırdı, düşməndən qisas almaq arzusu. Bu istək onun bütün həyatının qayəsi olmuşdu. Elə hərbə olan sevgisi də burdan yaranmışdı. O, zabit olmaq arzusunu gerçəkləşdirmək üçün 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə sənəd verərək imtahanı uğurla keçir. Bu, onun həyatındakı ilk ən böyük sevinci idi. Fuad imtahanı qazanmağından çox gələcəkdə zabit kimi vətənin keşiyində dura biləcəyi üçün sevinirdi. 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan Fuad təhsilini müvəffəqiyyətlə başa vuraraq 2010-cu ildən ordu sıralarında zabit kimi xidmət etməyə başlayır. Hərbi sirləri öyrəndikcə onun qisas almaq arzusu daha da alovlanırdı. Vətənə olan sevgi və düşmənə olan nifrət Fuadı bütün çətinliklərə baxmayaraq ön cəbhədə xidmətə səsləyirdi. Ailəsi ilə gələcək planlarından danışarkən Fuad həmişə bir gün düşməndən Xocalının qisasını misli ilə alacağını, Qarabağı azad edəcəklərini və bundan sonrakı xidmətini Şuşada aparacağını deyərdi.
Onun son xidmət yeri Ağdamda N saylı hərbi hissə olub. Fuad 2018-ci ildən burada taborun qərargah rəisi vəzifəsini icra edirdi. Xidmət etdiyi dövrlərdə “Qüsursuz xidmətə görə” və Milli ordunun yaranmasının 90, 95 və 100 illiyi münasibətilə medallarla təltif edilir. Müharibə başlayanda Fuad illərdir ürəyində düşmənə bəslədiyi qisas almaq arzusu ilə döyüşə atıldı. O, Suqovuşanın və Talış kəndinin düşməndən azad edilməsində şücaətlə döyüşərək düşmənə qan udduran igidlərimizdən oldu. Vətən müharibəsi başladığı müddətdə Fuad hər dəfə ailəsi ilə danışanda onlar narahat olmasın deyə, arxa cəbhədə olduğunu deyirdi. Lakin həqiqətdə isə illərdir ürəyində daşıdığı düşmənə nifrət və vətənə məhəbbət hissi ilə silahlanıb əcdadlarımızın uyuduğu tarixi Qarabağ torpağında 1992-ci ildə igidlərin qisasını almaq üçün döyüşə atılmışdı.
Artıq oktyabr ayının 3-də Fuadın rəhbərlik etdiyi tabor Suqovuşanı və Talış kəndini işğaldan azad etmişdilər. 30 ildir Xocalının fəryadını bütün qəlbi və ruhu ilə hiss edən Fuad zəfər toplarının gurultusu altında doğma Qarabağı azad etmək üçün irəliləyirdi. Lakin oktyabr ayının 4-də Fuad Suqovuşan yaxınlığında şəhadətə qovuşdu. Fuad oktyabr ayının 10-da Bakıda ikinci Fəxri Xiyabanda dəfn edildi. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunan mayor İsmayılov Fuadın bizə əmanət etdiyi iki oğlu - 7 yaşlı Xəyal və 4 yaşlı Yusif atasının igidliklə keçən ömür dastanını dinləyərək böyüyəcəklər.
Hər şəhid öz qanıyla bir səhifə açır, hər şəhid qəhrəmanlıq dastanının bir hissəsi olur, igidlər bu qəhrəmanlıq dastanlarını Vətən adlı nəhəng kitabın vərəqlərinə qeyrət, təpər, hünər nümunələri yazırlar. Bizə düşən isə bu qəhrəmanlıq dastanlarını idrakımıza, ruhumuza həkk etməkdir.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universiteti
"Jurnalistika" ixtisası üzrə II kurs tələbəsi