Şərəfli ömür yolu

A- A A+

Yetmiş beş bahar, yetmiş beş qış, yetmiş beş yay və yetmiş beş payız gəlib keçdi ömürdən. Bu illər köçəri quşlar kimi pərvazlanıb uçub getdilər. Belə məqamlarda insan istər-istəməz düşünür.

Yetmiş beş yaşın tamam olması insan ömrünün ən xoşbəxt məqamıdır. Kamillik dövrüdür. Həmkarımız, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov da yetmiş beş yaşı yola salır. Ömrünün 76-cı baharını qarşılayır.

Gör neçə illərdir ki, Əli müəllimlə bir cəbhədə çalışırıq. Dərd-sərimiz də bir olub, toylu-büsatlı günlərimiz də. Əli Qəhrəmanov 1973-cü ilin noyabr ayının 1-dən taleyini o vaxt Naxçıvan Elm Mərkəzi adlanan AMEA-nın Naxçıvan Bölməsi ilə bağlayıb. Bu gün də həmin elm ocağında çalışır, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiridir. Bu mötəbər elm müəssisəsinin ağsaqqallarından biridir. Səmimi rəftarı, çalışqanlığı, təmkini ilə daşıdığı ağsaqqallıq missiyasını şərəflə doğruldur.

Bir qədər ötən illərə nəzər salıb Əli müəllimin ömür kitabının bəzi məqamlarını yada salaq: Əli Kətən oğlu Qəhrəmanov 1946-cı ilin aprel ayının 6-da Şahbuz rayonunun səfalı Biçənək kəndində anadan olubdur. Atası Kətən kişi kolxozçu olub və övladlarını halal zəhmətlə böyüdübdür. Kətən kişinin 6 övladı olub - 3 qız və 3 oğlan. Əli müəllim də bunların sonbeşiyidir. Bu gün ailənin “sonbeşiyi” olan Əli müəllimin özü 4 övlad, 7 nəvə sahibidir.

Əli müəllim orta təhsilini Biçənək və Şahbuz qəsəbə məktəblərində alıb və sonra o zamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat fakültəsində oxuyub, 1973-cü ilin noyabr ayının 1-dən Naxçıvan Elm Mərkəzində fəaliyyətə başlayıb.

Əli Qəhrəmanovun qısa tərcümeyi-halı budur. Bu lakonik iş və zəhmətlə yoğrulan ömür yolu ilk baxışdan kiçik görünə bilər. Amma illərə vursaq, rəqəm sayı çox görünər. 75 illik ömrün 50 ili işgüzar fəaliyyətdə, arxivlərdə, ayrı-ayrı kitabxanalarda, teatr tamaşalarında, konsert və sərgi salonlarında, müxtəlif sənətkarlarla görüşlərdə keçib.

Əli müəllimin doğma bir mövzusu var. Bu, teatr və sənətdir. O, yalnız bu dünyanın insanlarından, sənətin ecazkar aləmindən ürəkdolusu yazır. Naxçıvan teatrının dünənini tədqiq edir, bu gününü müstəqillik duyğularının sevinci ilə qələmə alır. Teatrşünas səriştəsi ilə bu işə girişir. Məhz bunun nəticəsi idi ki, o, 1987-ci ildə Daşkənd Sənətşünaslıq İnstitutunda “Naxçıvan teatrının tarixi və inkişaf yolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib sənətşünaslıq namizədi elmi dərəcəsini alıb. Bu elmi adı alan zaman Əli müəllim cavan idi. Biz elmi əməkdaşlar onun işinə, elmi fəaliyyətinə necə prinsipiallıqla yanaşdığının, necə tədqiqatlar apardığının, sanballı məqalələr yazdığının canlı şahidləriyik.

Elə ilk gündən biz Əli müəllimi belə tanımışıq: işgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli. İctimai işlərdə fədakarlıq göstərən, dostlara, yaxınlara isti münasibətli. Açıq etiraf edək ki, ötən illər ərzində Əli müəllim heç kimi özündən incitməmişdir, əksinə, xoş və səmimi rəftarı, şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaratmışdır. Təbii ki, bu xarakter onun mənəvi dəyəridir. Dahilərdən biri deyib ki, yaxşı ürək ən böyük xəzinədir. Bax bu baxımdan Əli Qəhrəmanov xoşbəxt insandır. Ona görə ki qəlbi, hissiyyatı, mənəvi aləmi sağlamdır. Ona görə ki dostlara, yaxınlara qarşı çox həssas və diqqətcildir. Və bir də ona görə ki o, sözünə də, işinə də sadiq insandır. Bu keyfiyyətlər bir toplu halında birləşəndə ortada çox maraqlı bir insan obrazı yaranır.

Əlli ilə yaxındır ki, Əli Qəhrəmanov mədəniyyət, sənət aləmini öyrənir, Naxçıvan teatrının tarixini araşdırır, qaranlıq səhifələri üzə çıxarır və müxtəlif qəzet-jurnallarda, elmi məcmuələrdə maraqlı yazılar dərc etdirir. Naxçıvan teatrının inkişaf yolunu, tarixini kompleks şəkildə tədqiq edir. Elə bunun nəticəsidir ki, onun “C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı” (2004) adlı irihəcmli kitabı geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Bu kitab 30 illik gərgin və yaradıcı əməyin qiymətli məhsuludur. Bundan bir az sonra onun “Naxçıvan teatrının salnaməsi” (2008) adlı fundamental əsəri meydana çıxdı. Bu kitabda qədim Naxçıvan diyarının mədəniyyət tarixinin qaynaqları, mədəniyyət ocağı olan teatrımızın inkişaf yolu, onun xalqımızın inkişafındakı rolu qiymətli arxiv materialları əsasında izlənir. Əli müəllimin “Naxçıvan teatrı müstəqillik illərində” (2010) əsərində də müstəqillik dövründə Naxçıvanın teatr mühiti, mədəni həyatımızın inkişaf məsələləri işıqlandırılıbdır. Bundan başqa onun və “Naxçıvan teatrında rejissor sənəti”(2020) monoqrafiyaları da Azərbaycan teatr sənətinin araşdırılmasında dəyərli töhfə kimi diqqəti cəlb edir.

Onu da qeyd edək ki, Əli müəllimin tədqiqatlarında Naxçıvan torpağının yetirməsi olan xarici ölkələrdə yaşamış sənət adamlarının yaradıcılıq yolunun öyrənilməsi də xüsusi yer tutur. Məhz Əli müəllimin araşdırmaları sayəsində XX əsrin əvvəllərində Cənubi Azərbaycanda, qədim mədəniyyət beşiyi Təbrizdə yaşamış Böyük Xan Naxçıvanlının buradakı teatr mühitinin inkişafındakı xidmətləri geniş ictimaiyyətə məlum olubdur. Bu məsələlər onun “Böyükxan Naxçıvanski və Təbriz teatrı” (2018) monoqrafiyasında ətraflı şəkildə işıqlandırılmışdır. Yenə onun Naxçıvanda anadan olmuş, rəssamlıq sənətini məşhur Əlibəy Hüseynzadənin oğlu, görkəmli fırça ustası Səlim Turanla keçən əsrdə qardaş ölkədə inkişaf etdirən, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəxsən tanıdığı, rəssamlıq sənətinin inkişafında böyük xidmətlər göstərmiş İbrahim Səfi haqqındakı araşdırmaları mədəniyyətimizin tarixinin öyrənilməsinə bir töhfə hesab edilməlidir.

Neçə onilliklər bundan öncə tanıdığımız teatrşünas Əli Qəhrəmanov ömür təqviminin 76-cı baharına qədəm qoyur. İlk tanışlığımızdan xeyli illər, aylar ötüb.

Hər birimiz ata olmuşuq, qız köçürüb, gəlin gətirmişik, baba olmuşuq. Məlumdur ki, şaxtalı, soyuqlu, çovğunlu qışdan sonra gül-çiçəkli, laləli-nərgizli bahar gəlir. Əli müəllim də baharda dünyaya gəlib. Bu baharda biz institut əməkdaşları Əli müəllimin 75 illik ömür yolunu sevincli notlarla qeyd edirik. 76-cı baharın da, dünyaya gəlişin də mübarək, Əli müəllim!

         Əbülfəz Quliyev

Azərbaycan Milli Elmlər Akademiyasının

Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru

 AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: