Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə regional məntiq olimpiadası Naxçıvan Dövlət Universitetində keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra məntiq olimpiadasının videoçarxı nümayiş etdirilib. Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə təşkil edilən olimpiadanı yüksək qiymətləndirən universitetin rektoru Elbrus İsayev qeyd edilib ki, məntiq olimpiadası ilə muxtar respublikamızda olimpiada hərəkatını başlatmaq, tələbələrin elmə yönləndirilməsinə, eləcə də bilik və bacarıqlarının artırılmasına xidmət etmək əsas missiyamızdır. Rektor yarışda iştirak edən hər üç ali təhsil müəssisəsi tələbələrinə uğurlar arzulayıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva maraqlı layihənin təşkilatçısı olduqlarına görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib və olimpiada iştirakçılarına uğurlar arzulayıblar.

Sözləri universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimliyə, musiqisi isə İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəliyə məxsus Olimpiada himninin sədaları altında Olimpiada bayrağı gətirilib.

İki mərhələdə təşkil edilən olimpiadaya 3 ali təhsil müəssisəsindən 250-ə yaxın tələbə onlayn olaraq müraciət edib. Onlardan 110 nəfəri qaydalar üzrə yarışda iştirak hüququ qazanıb. Elektron formatda təşkil olunan yarışın birinci mərhələsində tələbələrə 50 sual ünvanlanıb. İlk mərhələ üçün vaxt limiti 1 saat 30 dəqiqə müəyyənləşdirilib.

Yarışın ikinci mərhələsində hər bir universitetdən ən yüksək nəticə göstərmiş 5 nəfər həmin  ali təhsil ocağını komanda olaraq təmsil etmək hüququ qazanıb. Şifahi-elektron formatda təşkil olunan II mərhələdə  30 sual olmaqla  hər suala 1 dəqiqə vaxt verilib.

“Elm, dostluq və sağlam rəqabət” adlı devizə sahib olan Olimpiadanın final mərhələsində komandalara 30 sual ünvanlanıb. Doğru və tez cavab verən komandalar mərhələnin qalibi olub.

Naxçıvan Dövlət Universiteti komandası olimpiadanın qalibi olub. Naxçıvan Müəllimlər İnstitutu II, Naxçıvan Universiteti isə III yerləri bölüşüblər. Qaliblərə diplom və medallar təqdim edilib. I yerin qalibi isə kubok və pul mükafatı ilə təltif edilib.

Sonda sözləri şair Zaur Vediliyə, musiqisi isə İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəliyə məxsus “Zəfər bayramı” mahnısı fakültə müəllimlərinin ifasında səsləndirilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: