Naxçıvan Dövlət Universiteti Televiziyası muxtar respublika yayımında - FOTOLAR

A- A A+

Jurnalist əməyinə böyük hörmətlə yanaşan ulu öndər Heydər Əliyev “dördüncü hakimiyyət” nümayəndələrini cəmiyyətin aparıcı qüvvəsi hesab edirdi, onların qaldırdıqları problemlərə həssaslıqla yanaşırdı. Görkəmli siyasətçi müstəqil dövlətimizdə, sözün həqiqi mənasında azad, xalqa xidmət edən jurnalistikanın formalaşmasına böyük töhfələr verib, mətbuatın qaldırdığı problemlərə həssaslıqla yanaşıbdır. Ulu öndər hər zaman KİV-lərin cəmiyyətdə rolunu yüksək qiymətləndirib, bu məsələyə böyük önəm veribdir. Heydər Əliyev həm ölkə daxilində, həm də xaricə səfərləri zamanı onu müşayiət edən mətbuat nümayəndələrinə xüsusi diqqət ayırıb, jurnalistlərin suallarını təmkinlə və səmimi şəkildə cavablandırmış, onların fəaliyyəti ilə yaxından maraqlanmışdır. Məhz bu xüsusiyyətlər dahi lideri ölkə jurnalistlərinin sevimlisinə, dostuna çeviribdir. “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatı 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə təqdim olunarkən ulu öndər söz azadlığı, aşkarlıq, demokratiya şəraitindən sui-istifadə edib həqiqətə uyğun olmayan məlumatları dilə gətirən mətbuat nümayəndələri barədə demişdir: “Bəzən jurnalist haradasa hansısa faktı eşidir, oturub yazır və bir az da ona öz fikirlərini əlavə edir. Amma bu faktı araşdıranda, müəyyən adamlarla görüşəndə aydın olur ki, məsələ belə deyil, başqa cürdür. Ona görə də mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm”. Jurnalistika sənəti Heydər Əliyevə həmişə yaxın olub. Özünün etiraf etdiyi kimi, jurnalistika çətin sənətdir və bu peşədə çalışanlar hər cür hörmətə, ehtirama layiqdirlər. 

Bu gün isə ulu öndər Heydər Əliyevin siyasi kursunu onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Dövrümüzdə məhz dövrün tələblərinə cavab verən ixtisaslı kadrların yetişdirilməsi elə də asan iş deyil. Nəzəriyyəni öyrəndik, bəli, bəs praktika? Hər kəsə bəllidir ki, təcrübə olmadan peşəkar kadr kimi üzə çıxmaq mümkün deyil. Nəzəriyyəni praktikada uğurla tətbiq edənlər peşəkar jurnalist kimi özünü təsdiqləyir.

Jurnalistika xüsusi qabiliyyət tələb edən sahədir və aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi burada da yaradıcı şəxsdən xüsusi qabiliyyət tələb olunur. Hər kəs Azərbaycanda və xaricdə baş verən gerçəklikləri biz jurnalistlərin dilindən və qələmindən süzülən sözlərlə alır. Bu mənada jurnalistdən xəbəri hazırlayarkən yüksək peşəkarlıq, ixtisası mənimsəməklə yanaşı, insanları inandıra bilmək bacarığı da tələb olunur. 

Muxtar respublikamızda isə jurnalist kadrlara olan ehtiyacı nəzərə almaqla Naxçıvan Dövlət Universitetində 2001-ci ildən Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanılıb,  2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrası təşkil olunub. 2002-ci ildə mən Naxçıvan Dövlət Universiteti “Jurnalistika” ixtisasına qəbul olunanda ixtisasımızın yaranmasının cəmi bir il tarixi var idi. Onda universitetimizdə nə media mərkəzi, nə vaxtaşırı çıxan qəzet, nə də ki, Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tələbələrin müvafiq qurumlara hamiliyə verilməsi ilə bağlı mühüm sərəncamları var idi. Universiteti bitirdiyim 2006-cı ildən isə artıq ali təhsil ocağımızda Media mərkəzi quruldu və öz fəaliyyətinə başladı. Studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan televiziya Ali Məclisin Sədri cənab Vasif  Talıbovun diqqət və qayğısı ilə ən son texniki avadanlıqlarla təchiz edilərək tələbələrin təcrübi bazasına çevrildi. Artıq “Jurnalistika” ixtisası üzrə təhsil alan tələbələr öz nəzəri biliklərini Media mərkəzi nəzdində tətbiq etməyə başladılar. Nəzəri biliklərlə yanaşı təcrübi vərdişlərin də xüsusi önəm kəsb etdiyi jurnalistika sahəsi də artıq öz fəaliyyətini bu istiqamətdə formalaşdırdı. Tələbələrin müxtəlif verilişlərin çəkilişində iştirak etməsi, “Nuhçıxan” radiosunun efirində səsləndirdikləri proqramlar və müxtəlif formada çəkilişlər onların peşəkar jurnalist kimi formalaşmasına stimul verdi. Artıq öyrənilən nəzəri biliklər təcrübi yolla daha asan mənimsənilirdi.

Bugün isə bir anlığa dönüb arxaya baxanda universitet mediasının nə böyük bir yoldan keçdiyinin şahidi olarıq. Magistr təhsilimi də doğma universitetimizdə almağa başlayanda artıq hər cür şəraitdən bəhrələnən bir tələbə kimi fəxr duyur və gələcəkdə bu ixtisasın müəllimi olmağı qarşıma bir məqsəd olaraq qoymuşdum. “Jurnalistika” ixtisasında nəzəri dərsləri tədris etməklə bərabər gələcəyin jurnalistləri ilə təcrübi məşğələlər aparmaq da məqsədlərim sırasına daxil olmuşdu. Mənə dərs deyən müəllimlərlə birgə jurnalist kadrları hazırlığına xüsusi həvəs və bacarıqla daxil olmaq istəyirdim. Dərs dediyim auditoriyalarda tələbələrə dərslə yanaşı jurnalist olmaq üçün xüsusi qabiliyyətlərin olmasını, tələbələrin elmi bilikləri ilə bərabər onların dünyagörüşlərinə də təsir etməyi qarşıma hədəf olaraq müəyyənləşdirirdim. Düşünürdüm ki, müəllim auditoriyada dərs deməklə bərabər tələbələrin dostu, sirdaşı da olmağı bacarmalıdır. Dediklərimi nə qədər bacarmışamsa, onu ancaq tələbələr deyə bilər.

Bugün universitetin Media mərkəzinə rəhbərlik etmək məsuliyyətimizi nə qədər artırırsa, işimizə olan həvəsimizə də o qədər təsir edir. Tələbələrin yüksək həvəslə bu mərkəzə üz tutması və onlarla hazırlayıb ərsəyə gətirdiyimiz verilişlər, yazdıqları yazıları görəndə belə onlardan çox sevinməyimiz, radio efirində hazırladıqları verilişlərdə səsləndirdikləri fikirlər onlardan çox biz-müəllimləri sevindirir, ruhlandırır və daha həvəslə çalışmağımıza sövq edir.

“Jurnalist” ixtisasının qabiliyyət əsasında seçilməsi işimizi daha da asanlaşdırır. Artıq təsadüfi adamlar bu ixtisası seçmir. Xüsusi qabiliyyəti, istedadı ən əsası isə bu sahəyə xüsusi marağı olan tələbələr bu ixtisasda təhsil alırlar. Universitetə qəbul olunduqları elə birinci kursdan tələbələrin bacarıqları öyrənilir və onlar mətbuat, radio və televiziya sahəsi üzrə peşəkar kadra çevrilirlər. Artıq bugün fəxrlə demək olar ki, universitetimizə səfər edən xarici qonaqlar belə Media mərkəzində olarkən burada olan imkanlardan ağızdolusu danışırlar. İnsan bəzən içərisində olduğu durumu görmür, kənardan deyilən hər söz ona sanki yeni məlumat, fikir çatdırır. Mən özüm dəfələrlə universitetimizə səfər edən qonaqların Media mərkəzində olduqları zaman dedikləri fikirləri, burada mövcud olan şəraitdən yüksək həvəslə danışmaqları məni daha da ruhlandırır və burada çalışmağım üçün fəxr duymağıma səbəb olurdu.

Jurnalistika sahəsi artıq mətbuat, radio və televiziya ilə öz işini bitmiş saymır. Jurnalistikanın artan rolu, cəmiyyətə daha çox nüfuz etməsi sayəsində jurnalistikada yeni tendensiyalar, yeni meyllər yaranır. Bu gün müasir jurnalistikanın ayrılmaz hissəsinə çevrilən internet media, yeni media və sosial media fəaliyyətimizin ayrılmaz sahəsinə çevrilib. Artıq sosial media tərkibində sosial şəbəkələrin rolu jurnalistikanı daha operativ, daha dinamik sahəyə istiqamətləndirib. Müasir dövr informasiya bolluğu şəraitində artıq xəbərləri, məlumatları daha çevik və operativ olan informasiya saytlarından alırıq. Bugün gənc nəslin əlində çox böyük imkanlar var. Sosial şəbəkələrdən istifadə edən gənclər paylaşdığı hər bir statusda, yazdığı rəydə ilk öncə kimliyini, mənəviyyatını yaddan çıxarmamalıdır. Auditoriya çoxluğu nəzərə alınmaqla bütün sosial şəbəkə  istifadəçiləri vətən, xalq, millət naminə öz bacarığını ortaya qoymalıdır. 44 günlük II Qarabağ müharibəsində də biz sosial medianın artan nüfuzunu müşahidə etdik. Heç kəs Ali Baş Komandan Cənab İlham Əliyevin tvitterdə paylaşdığı statusları izləmək fürsətini əldən vermədi. Məhz hər cür fəaliyyət sahəsində birgəliyimiz və həmrəyliyimiz bizi qələbəyə apardı. Universitetimizin professor-müəllim heyəti başda olmaqla bütün tələbə kontingenti də bu istiqamətdə öz fəallığını əsirgəmədi. Ali təhsil ocağının tələbələrinin cəbhəyə göndərdiyi məktublar, çəkilən videoçarxlar, Universitet televiziyasında hazırlanan verilişlər,  tələbə kollektivinin birgə ərsəyə gətirdiyi və Azərbaycan mediasına belə səs salan fləşmob aksiyası xalqla ordu vəhdətinin təntənəsindən doğan çağırışlar idi.

Artıq fevral ayından etibarən universitet televiziyası muxtar respublikada yayımına başlayıb. Bugünə qədər auditoriyamız ancaq universitet kollektivi olsa da, bugün muxtar respublika əhalisi bizi izləyir və qiymətləndirir. Bu da bizim işimizə olan məsuliyyətimizi daha da artırır, peşəkar kadr kimi formalaşan gənc jurnalistlərin üzərinə daha böyük vəzifə düşür. Ancaq biz inanırıq ki, dövlətçilik ənənələri ilə sıx bağlı, vətənini, xalqını cani-könüldən sevən bir gənclik, dərslərinə xüsusi həssaslıqla yanaşan tələbə-jurnalistlərin hesabına biz bu şərəfli və olduqca məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik.  Müasir dövrdə medianın artan nüfuzu azad sözün cəmiyyətə gərəkliliyinin artdığı dövrdə isə gələcəyin jurnalistlərindən  tələb olunanları etməyə çalışacağıq. İnsan əzmi, iradəsi, məsuliyyəti qarşısında bütün çətinliklər acizdir. Biz də inanırıq ki, tələbələrin yüksək enerjisi, bacarığı və həvəsi sayəsində Ali Məclis Sədrinin bizə olan yüksək etimadını doğruldacağıq. Biz müəllimlər də tələbələrin bacarıqlarının ortaya çıxarılması qiymətləndirilməsi üçün öz səylərimizi ortaya qoyacağıq. Azad söz, azad mətbuat ənənələrinə sadiq qalan  muxtar respublikada jurnalistikamızın daha da inkişafı naminə öz səy və bacarıqlarımızı əsirgəməyəcəyimizə inanırıq.

“Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır. Bu gün muxtar respublikamızda mətbuat orqanlarının səmərəli fəaliyyəti digər media orqanlarının yaranması üçün əsas verir”,-deyən Ali Məclisin Sədri cənab Vasif Talıbovun dəyərli fikirlərini özümüzə örnək, həyat yolu seçərək işimizdə daha məsuliyyətli olmağa və bizə göstərilən etimadı doğrultmağa çalışacağımıza inanırıq.

                               Səadət Əliyeva

Naxçıvan Dövlət Universitetinin

 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: