Akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası çap olunub

159

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə institutdan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya” monoqrafiyasında ilk dəfə olaraq bu məşhur Azərbaycan Oğuznaməsindən ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs edib.

Monoqrafiyada İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”la bağlı aparılmış tədqiqatlardan söz açaraq, bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı olması tezisini tutarlı faktlarla isbat edib. Bu məqsədlə “Kitabi-Dədə Qorqud”un adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılıb, eposun şifahi xalq ədəbiyyatı ənənəsində olduğu kimi çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılıb, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyən edilib. Həmçinin müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olmasını həmin oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırıb, Azərbaycan oğuznaməsini “İliada” və “Odisseya” ilə müqayisə edib. Beləliklə, ilk dəfə “Dədə Qorqud” eposundan epopeya kimi bəhs edilib.

Monoqrafiyada “Kitabi-Dədə Qorqud”un əlyazma nüsxələri haqqında geniş məlumat verilib, boyların ideya-sənətkarlıq xüsusiyyətləri müasir təfəkkür işığında yenidən şərh olunub. Həmçinin monoqrafiyada “Kitabi-Dədə Qorqud”un poetikası sistemli şəkildə təhlil edilib, boylardakı boylama (təhkiyə) və soylamaların (tərənnüm üsullarının) xüsusiyyətləri izah olunub, Dədə Qorqud şeirinin janrları və bənzərsiz məcazlar sistemi müəyyənləşdirilib. Müəllif “Kitabi-Dədə Qorqud”u Azərbaycan xalqının Ata kitabı adlandırıb.

Xalq yazıçısı Anarın kitaba yazdığı “Ədəbiyyat tariximizin Dədəsi” adlı “Ön söz”də İsa Həbibbəylinin irəli sürdüyü müddəalar və gəldiyi nəticələr aşağıdakı kimi dəyərləndirilib: “Tapılmış dəlil-sübutlar “Kitabi-Dədə Qorqud”un Homersayağı şifahi şəkildə yazılmış ilk yazılı abidəmiz olmasına haqq qazandırır. Bütün bunlardan sonra İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”un janrını təyin etməsi, bu abidəni roman-epopeya adlandırması da əsaslı görünür”.

Kitabın üz qabığında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosurəti əks olunub. Giriş, dörd fəsil və nəticədən ibarət monoqrafiyada rus dilində irihəcmli xülasə verilib. Monoqrafiyanın məsul redaktorları dosentlər İsmixan Osmanlı və Aygün Bağırlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: