Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən təşkil olunan nağdsız ödənişlərin üstünlükləri ilə bağlı maarifləndirici görüş “Naxçıvan” Universitetində baş tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq keçirilən maarifləndirici tədbirin məqsədi müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri barədə zəruri biliklərin verilməsi və onların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsidir.
Tədbirdə qeyd olunub ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Cari il martın 1-dək muxtar respublikada 1429 POS-terminal aparatı quraşdırılıb. Aparılan maarifləndirici tədbirlər nəticəsində 2021-ci ilin yanvar və fevral aylarında nağdsız ödənişlərin həcmi 17 milyon 764 min 265 manata çatdırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 450 min 133 manat çoxdur.
Görüşdə iştirakçıları mövzu ilə bağlı maraqlandıran suallar da cavablandırılıb.
Novruz Məmmədov