“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib - FOTOLAR

208

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib. Müsabiqədə 512 şagirdin 1466 əl işi nümayiş olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü layihələrdən və dövlət qayğısından danışıb. Bildirilib ki, şagirdlərin maraq və bacarıqlarını, intellektual səviyyə və yaradıcı qabiliyyətlərini aşkarlamaq, onların fərdi potensiallarını inkişaf etdirmək məqsədilə təşkil edilən “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” də muxtar respublikada xüsusi qabiliyyəti ilə seçilən məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə müxtəlif mövzularda - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və digər mövzularda 1466 əl işi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib ki, keçirilən müsabiqə qədim sənət növlərinin müasir dövrdə inkişafına, muxtar respublikada gedən yaradıcılıq proseslərinin, qazanılan uğurların şagirdlər arasında geniş təbliğinə, eləcə də istedadlı şagirdlərin bacarıqlarını inkişaf etdirmələrinə öz töhfəsini verir. Belə müsabiqələrin təşkili istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılması ilə yanaşı sənətkarlıq nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılmasına stimul yaradır. 

Sonra müsabiqənin şərtlərinə uyğun olaraq yekun mərhələdə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə birinci, ikinci, üçüncü və həvəsləndirici yer olmaqla, ümumilikdə 24 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri”, “Milli-mənəvi dəyərlərimiz” və “Adət-ənənələrimizin təsviri” kimi mövzuların təqdim edildiyi müsabiqə 3 mərhələdə keçirilib.  Müsabiqənin muxtar respublika mərhələsində seçilən əl işləri yekun sərgidə nümayiş olunub.  Sərgilənən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Müsabiqədə işlənilən rəsm əsərləri əsasən 44 günlük Vətən Müharibəsinin qəhrəmanları, işğaldan azad olunan qədim yurd yerlərimizdəki tarixi-memarlıq abidələri, dekorativ-tətbiqi sənət nümunələrində isə xalq bədii sənətkarlığına üstünlük verilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: