Bizə doğma olan ali təhsil ocağı-Naxçıvan Dövlət Universiteti - Söz tələbə jurnalistlərindir

A- A A+

Naxçıvan Dövlət Universiteti müasir təhsil üsulları ilə yanaşı, bir-birindən gözəl tədris korpusları ilə nəinki tələbələrin, həmçinin universitetə səfər edən yerli və əcnəbi qonaqların da diqqətini özünə cəlb edir. Bu muxtar respublika ərazisində təhsilə və gənc nəsilə olan xüsusi diqqət və qayğının ən gözəl nümunəsidir.

Universitet elmi kitabxanası tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və biliklərini, dünyagörüşlərini artırması üçün yeganə ünvandır. Kitabxananın içərisində geniş oxucu salonları və zəngin kitab ehtiyatı ilk baxışdan diqqəti çəkir. Rəflərdə xüsusi nizamla düzülmüş kitablar elmin və təhsilin bütün sahələrini əhatə edən bilik mənbəyidir. Hər gün buranı yüzlərlə müəllim və tələbə ziyarət edir, yaradılan yüksək xidmət və şəraitdən istifadə edirlər. Burada səliqə-səhmanla, xüsusi qaydalarla düzülən kitablar, müəllimlərin elmi araşdırmaları oxumaq həvəsi olan hər kəsi bu elm məbədinə səsləyir.

Kitabxana binasının sağ tərəfində isə incəsənətə marağı və istedadı olan tələbələrin təhsilə daha dərindən yiyələnmələri üçün nəzərdə tutulmuş möhtəşəm bir bina –konservatoriya inşa edilib. Binaya daxil olduğumuz zaman hər mərtəbədə yaradılan geniş dəhlizdə təhsil alan tələbələrin əl işlərindən ibarət təşkil edilən sərgilər diqqətimizi çəkir. Müxtəlif ixtisasların tələbələrinin yaradıcılığını əks etdirən bu təşəbbüs gənclərin bacarıqlarının və universitetin onlara verdiyi təhsilin göstəricisi kimi nümayiş olunur. Bu, həm də tələbələrin öz ixtisaslarında  gələcək mütəxəssis kimi inkişafında da mühüm rol oynayır. Burada rəssamlıq, aktyorluq, müxtəlif calğı alətlərinin tədris olunduğu və s. ixtisaslar üzrə yüzlərlə tələbə təhsil alır. 

...Və keçək mənə doğma olan əsas korpusa. Niyə doğma dedim, bilirsinizmi? Digər ixtisaslarla yanaşı mənim təhsil aldığım “Jurnalistika” ixtisası da burada yerləşir. Beləliklə, mən burda təhsil alıram və auditoriyalarına ayaq qoyduğum ilk gündən müəllimlərin tələbələrə olan səmimi rəftarı, tələbələrin bir-birinə olan mehribanlığı bizə doğmalıq hissi aşılayıb. Mən bir tələbə jurnalist olaraq deyə bilərəm ki, təhsilimizdə fakültəmizin və kafedramızdakı müəllimlərin əməyi çox böyükdür. Ölkə səviyyəsində ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılan və biz tələbə-jurnalistlər üçün nəzərdə tutulan Media Mərkəzinin fəaliyyəti ayrıca bir mövzudur. Mərkəzdə çalışan peşəkar kollektivin sayəsində 4 il təhsil alan tələbə gələcəyin əsl jurnalisti kimi yetişmək imkanı qazanır. Media Mərkəzində universitet televiziya və “Nuhçıxan” radiosu fəaliyyət göstərir. Əvvəllər yalnız universitet ərazisində yayımlanan televiziya bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı və təşəbbüsü ilə muxtar respublika ərazisində yayımlanır. Belə ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Universitet Televiziyasının hazırladığı verilişlər saat 11-dən 15-ə-dək Kanal 35 televiziyasının efir tezliyindən tamaşaçılara təqdim edilir. 

Bununla yanaşı tələbələr yazdığı yazılarla mətbuatda da öz sözünü deyirlər. Bu yazılar həm universitetin öz mətbu orqanında, yəni “Yeni fikir” qəzetində, Nuhçıxan İnformasiya Agentliyində, muxtar respublika ərazisindəki müxtəlif qəzetlərdə çap olunur.

Yaxın zamanlarda isə tələbələr üçün hər cür şərait olan  Xarici dillər fakültəsinin yeni tədris korpusu istifadəyə verilib.

Universitetimizin ərazisində ağ xalatlı tələbələr də o dəqiqə diqqəti çəkir. Bu təbii ki, insanda fərqli təəssürat yaradır. Onlar Tibb fakültəsinin tələbələri, yəni gələcəyin həkimləridir. Yaşadığımız son hadisələrə nəzər salsaq, dünyanın məlum pandemiya- COVİD-19 virusu ilə  mübarizəsində həkimlərin həyatımızda nə qədər böyük rol oynadığının şahidi oluruq. Tibb fakültəsində də təhsil alan tələbələr burda yaradılan imkanlardan geniş şəkildə istifadə edirlər.

Tələbələrimizin boş vaxtlarını səmərəli və faydalı keçirmələri üçün universitet ərazisində  idman kompleksi də yaradılıb. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün avadanlıqlar, qurğular qurulub.

Universitetimizdə yerli tələbələrlə yanaşı, dünyanın bir çox ölkəsindən bura gəlib müxtəlif ixtisaslar üzrə təhsillərini davam etdirən əcnəbi tələbələr də var. Həm xarici, həm də yerli tələbələr üçün hər cür şəraiti olan yataqxanada isə hər kəs özünü lap doğma evindəki kimi hiss edir.

Mən bir tələbə olaraq, Naxçıvan Dövlət Universitetində oxumağımla fəxr edirəm. Doğrudan da, dünyanın 50-yə qədər nüfuzlu universiteti ilə əlaqə yaradan, əməkdaşlıq edən, ən müasir təhsil bazasına malik bir tədris ocağında təhsil almaq hər bir gəncin arzusudur. Gələcəkdə uğurlu addımlar atmaq üçün universitetimiz  bizə geniş üfüqlərə qədər uzun  bir yol açır. Biz də öz növbəmizdə ali təhsil ocağımızda yaradılan şəraitdən səmərəli və düzgün istifadə etməyi bacarmalıyıq. Naxçıvan Dövlət Universitetində mövcud olan şərait və peşəkar müəllim heyəti onu bu gün təkcə muxtar respublikada deyil, Azərbaycanda nümunəvi universitetlərdən birinə çevirib. Bunun ən gözəl şahidləri isə biz tələbələrik.  

                   Bülbül Quliyeva

       Naxçıvan Dövlət Universiteti

                “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: