Ulu Öndər Heydər Əliyevin ideyalarını Həsən bəy Zərdabi qələmiylə təbliğ edəcəyəm... - Söz tələbə jurnalistlərindir
”Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir... Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız... Öz qardaşlarınızı əməli-xeyrə vadar edin, qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun... Siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”. Bu sözləri Azərbaycanın böyük ziyalısı, müəllimi, milli mətbuat və teatrımızın banisi, qadın təhsilinin ilk carçılarından olan Həsən bəy Zərdabi gəncliyə müraciətində deyib. Çünki cəhalət içində qıvrılan millətini cahillik zəncirindən qoparıb aydın sabaha aparmaq idi Zərdabinin məqsədi. Tərəqqi edən xalqların sırasında öz həmvətənlərini də görmək istəyirdi "Əkinçi"ni bu millətə bəxş edən- Milli mətbuatımızın banisi. Həsən bəy Zərdabi həmişə əzilən və istismar olunan kütlələrin tərəfində olub. O, şəhərdə ehtiyacı olan şagirdlərə kömək etmək üçün Xeyriyyə Cəmiyyəti yaradıb.
Bütün gücünü cəmiyyətə daha çox üzv cəlb etməyə yönəldən Zərdabi düşünürdü ki, cəmiyyət o üzvlərin hesabına yaşamalı idi. Bu iş Həsən bəyə ağır gəlsə də, onun qəlbini əzsə də, geri çəkilməyib. Uğursuz günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsiz gəzirmiş. Rədd cavabları gah soyuq nəzakətlə, gah həyasızcasına, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə gələn bu ziyalını inandırmağa çalışırmış ki, onun xahişi tam mənasızdır. Bəli, zavallı Həsən bəy "bu qızıl yuvalardan" çıxıb küləkli Bakı küçələrində "xeyirxahların" ona münasibətini düşünə-düşünə dolaşırmış. Birdən kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda qarşısında bir hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq olan hambal Həsən bəyə sevgi ilə baxırmış, üzündə də utancaq, çəkingən bir təbəssüm varmış. Hambal: "Eşitmişəm bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur, götür. Bilirəm, azdır, amma ürəkdəndir", - deyir. Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb: "Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimdən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin", - deyir və hambalın pulunu özünə qaytarır.
İlk milli teatrımızın əsasını M.F.Axundovun "Hacı Qara "əsəri ilə qoyan Həsən bəy tamaşadan yığdığı pulu da təhsil üçün xərcləyirdi. Təbiətən sakit görünən Həsən bəy xalqın qərq olduğu cəhalət zülməti haqqında düşündükcə daxilən çox narahatlıq keçirirdi. Həmvətənlərini maarifləndirməyin yollarını axtaran bu böyük ziyalı nəhayət ana dilində qəzet çıxarmaq qərarına gəlir. Lakin çar imperiyasının hegemonluq etdiyi bir dövrdə bu məsələ olduqca çətin idi. Həsən bəy hakim dairələri inandırdı ki, qəzetin mövzusu əkin və ziraət işləri olacaq. O, "Əkinçi" adı altında bütün çətinlikləri gözə alaraq müqəddəs amala, maarifçilik, ana dilində təhsil, xüsusilə qadın təhsili, xalqın maariflənməsi, milli özünütanıma və özünüdərk ideyalarının təbliğinə təmənnasız xidmət edirdi. O, milli təfəkkür toxumlarının millətinin şüuruna səpərək özünüdərk kimi bir çox dəyərləri cücərtmək istəyirdi.
Həsən bəy elə böyük şəxsiyyətdir ki, onun gördüyü işlərdən danışmaqla bitməz. Yalnız Zərdabinin yolu ilə gedənlər işinin peşakarı olar və ictimaiyyət qarşısında daşıdığı məsuliyyəti çiyinlərində apara bilər. Təbii ki, Zərdabinin yolunu başa düşmədən də jurnalist, media işçisi olaraq çalışmaq olar, amma Zərdabi yolunun yolçusu olmaq hər jurnalistin işi deyildir. Zərdabi bir əxlaq, milli dəyər və milli mənəviyyat ölçüsü idi. Çünki jurnalist olmaq başqa şey, cəmiyyətin güzgüsü olmaq, milli “Əkinçi” olmaq isə tamam ayrı məfhumdur...
Mən də Həsən bəyin ideyaları ilə yola çıxan bir tələbə jurnalistəm. Bu peşənin bütün çətinliklərini və məsuliyyətini anlayaraq bu istiqaməti seçmişəm. Təhsil aldığım Naxçıvan Dövlət Universitetində jurnalistikanın ən dərin incəliklərini tədris edən müəllimlərimiz bizi həm də vətənə, xalqa, torpağa bağlı jurnalist kimi yetişdirmək adına vətəndaş məsuliyyətinin mahiyyətini öyrədirlər. Vətəndaş məsuliyyətinin arxasında isə bir əsas durur: ölkənin və bütün dünyanın qayğısına qalmaq. Mən də gələcəkdə işimin peşəkarı ola bilmək üçün daim öz üzərimdə işləyir, nəzəriyyəni yaxşı mənimsəməklə yanaşı, həm də universitetin Media mərkəzində aktiv iştirak etməyə çalışıram. Ümumi təhsil nəticəmin yüksək olması ilə yanaşı, aktiv fəaliyyətimi qiymətləndirən universitet rəhbərliyi məni jurnalistika məktəbinin banisi olan Həsən bəy Zərdabi adına təqaüdə layiq gördü. Bu bir tələbə jurnalistin qürurla daşıyacağı ən yüksək mükafatdır. Bu günə kimi çiyinlərimdə hiss etdiyim ictimai məsuliyyətdən əlavə artıq başqa bir vəzifə daşıyıram. Bu, dahi Həsən bəyin adına layiq ola bilmək məsuliyyətidir. Bu adı doğrultmaq üçün əvvəlkindən daha çox çalışacağıma söz verirəm. Mən müasir Azərbaycanın qurucusu, memarı olan Ulu Öndərimiz Heydər Əliyevin ideyalarını Həsən bəy Zərdabi qələmiylə təbliğ edəcəyəm!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
"Jurnalistika" ixtisası üzrə II kurs tələbəsi