AMEA Naxçıvan Bölməsi bu ilki fəaliyyəti ilə bağlı hesabat verib

A- A A+

AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci rübündəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqatların nəticələrindən bəhs edib. Alim cari ilin göstəriciləri ilə ötən ilin müvafiq dövrünün göstəricilərini müqayisəli təhlil edib.

Bildirilib ki, hesabat dövründə Naxçıvan Bölməsinin tərkibindəki elmi qurumlarda elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 37 iş 24 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupu tərəfindən davam etdirilib.

Məruzəçi diqqətə çatdırıb ki, cari ilin birinci rübündə bölmə əməkdaşlarının 3 monoqrafiyası, 2 kitabı, 108 elmi məqaləsi, 73 konfrans materialı olmaqla 186 elmi əsəri çap olunub. Əsərlərdən 61-i xaricdə nəşr olunub, bir xəritə tərtib edilib. 9 məqalə impakt faktorlu jurnallarda işıq üzü görüb, bunlardan 4-ü Clarivate Analytics (Thomson Reuters) indekslidir. Elmi məqalələrin 30-u xaricdə olmaqla 97-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda nəşr olunub. Naxçıvan Bölməsinin humanitar və ictimai elmlər seriyası üzrə “Elmi əsərlər” jurnalının, həmçinin “Axtarışlar” jurnalının hər birinin bir nömrəsi çapdan çıxıb. Rüb ərzində 281 əsərə istinadlar qeydə alınıb, 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib. 2 kitab, 1 monoqrafiya çapa hazırlanıb, 2 kitab, 2 monoqrafiya 236 məqalə çapa təqdim edilib. Hesabat dövrü ərzində AMEA Naxçıvan Bölməsində bir respublika, bir muxtar respublika, 6 bölmə səviyyəli elmi konfrans, 5 tədbir və 5 təqdimat keçirilib.

 “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər davam etdirilib, geoparkının ərazisinin ümumi, geoloji, gemorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib və əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmaqdadır.

Hesabat iclasında elmi-kadrların hazırlanması, Bölmənin hamiliyə verilmiş ixtisaslarla iş məsələsinə də toxunulub. Qeyd olunub ki, Bölmə əməkdaşları elm sahəsində səmərəli fəaliyyətinə görə bir sıra ad və titullarla təltif olunub.

Hesabat dövründə AMEA Naxçıvan Bölməsi bir sıra ölkələrdən 20-dən çox elm və təhsil mərkəzi, eləcə də xarici ölkə alimləri ilə sıx elmi əlaqələrdə оlub.

Sonda AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab edərək qeyd və təkliflərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: