Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev məktəblilər üçün nümunəvi dərs keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsil aldığı orta məktəbin şagirdləri üçün nümunəvi dərs keçib.  Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün “Azərbaycan tarixi” fənninin tədrisini təşkil edən rektor Qarabağ və Naxçıvan xanlıqlarının tarixindən danışıb. Vurğulanıb ki, Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımızın qısa müddətdə - 44 gündə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı. II Qarabağ müharibəsində qazandığımız qələbənin mənəvi tərəflərinə diqqət çəkən rektor qeyd edib ki,  biz nahaq yerə qan axıtmamışıq, biz itirdiyimiz, bizdən alınan soydaşlarımızın zorla qovulduğu torpaqları  geri qaytarmışıq.  Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Rektor vurğulayıb ki, bu tarixi Qələbə həm də erməni faşizminin iç-üzünün açılması və bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir toplum olduğunu bütün dünyaya göstərmək yolunda uğurlu addımdır. Şagirdlərin suallarını cavablandıran Elbrus İsayev ixtisasından asılı olmayaraq hər kəsi keçmişinə dərindən bələd olmaq üçün öz tarixini öyrənməyə və bədnam qonşularımızın xalqımıza yaşatdığı çətin sınaqlardan dərs almağa çağırıb.

Rektor müəllifi olduğu Böyük İpək yolunun xalqların, ölkələrin tarixi, mədəni-iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs edən “Böyük İpək yolu və Naxçıvan” kitabını, universitetin nəşri olan “Elmi əsərlər” jurnalını və şagirdlər üçün əhəmiyyət kəsb edən dərs vəsaitlərini məktəbin kitabxanasına hədiyyə edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: