NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Gənclərin dini savadlılığının artırılması mövzusunda” seminar təşkil edilib.
Universitetin rektoru Elbrus İsayev tədbirdə gənclərin milli-mənəvi tərbiyəsi baxımından belə tədbirlərin xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, muxtar respublikada tarixi-mədəni irsin, eləcə də İslam dəyərlərinin layiqincə qorunub yaşadılmasına xüsusi diqqət yetirilir.
Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “Din-dövlət münasibətləri, fərqli inanclar və baxışlar” adlı çıxışında qeyd edib ki, din-siyasət münasibətləri dialektik və qarşılıqlıdır: hər biri digərini şəkilləndirməklə eyni zamanda digərindən təsirlənməkdədir. Dünyada mövcud olan dinlərdən ən sonuncusu və mükəmməlinin İslam dini olduğunu diqqətə çəkən agentliyin direktoru bildirib ki, gənclərin əxlaqi və mənəvi keyfiyyətlərinin artırılması üçün dinin düzgün təbliği önəmlidir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında din elmi şəkildə öyrənilir və təbliğ olunur. Dini dəyərlərin düzgün təbliğinə xidmət edən və onun mahiyyətini açan kitablar nəşr edilir. Vüqar Babayev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün muxtar respublikada kifayət qədər məscid, dini abidələr vardır. Sovet hakimiyyəti zamanı Naxçıvan Muxtar Respublikasında 78 məscid fəaliyyət göstərirdisə, muxtariyyətdən sonra bu say 213-ə çatıb. Bundan əlavə 25-dən çox pir və ibadətgahlar da dinə etiqad edənlərin ziyarət yerinə çevrilib. Vüqar Babayev gəncləri dini yalnış şəkildə təbliğ edən insanlardan uzaq olmağa və dini elmi şəkildə dərk edib öyrənməyə çağırıb. Tələbələrin suallarını cavablandıran Agentliyin direktoru ilahiyyata dair müxtəlif ədəbiyyatları universitetin Elmi Kitabxanasına hədiyyə edib.
Naxçıvanda Oxunmazı Zəruri olan kitablar siyahısına daxil edilən “Mister Hemferin xatirələri” əsərinin mövzusu, mahiyyəti və gənclərin dini savadlığının artırılmasında rolundan danışan universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov əsərin gənc nəsil üçün faydalı cəhətlərinə toxunub və hər kəsi bu əsəri oxuyub ondan nəticə çıxarmağa səsləyib.