Şamaxı Astrofizika Rəsədxanası ilə NDU arasında vebinar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmovun vebinarı təşkil edilib.

Universitetin Ümumi və nəzəri fizika kafedrasının müdiri Fərman Qocayev müəllim və tələbələr üçün faydalı ola biləcək vebinarın əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Qeyd edilib ki, Batabat Astrofizika Rəsədxanasının “Fizika" ixtisası üzrə tələbələri hamiliyə götürməsi onların keçdikləri dərslərin təcrübi cəhətdən mənimsəməsi üçün əlverişli mühit formalaşdırır. 

Bayram Rüstəmov bildirib ki, dünyanın ən böyük rəsədxanalarından biri olan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb. Rəsədxananın nəzdində 1973-cü ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat Bölməsi və 1997-ci ildə Ağdərə Astronomiya Stansiyası yaradılıb. Qeyd edilib ki, 2002-ci ildə Respublika Prezidentinin qərarı ilə yaradılan Batabat Astrofizika rəsədxanası AMEA Naxçıvan Bölməsinin tərkibinə keçirilib və hazırda sərbəst rəsədxana kimi fəaliyyət göstərir. Astronomiya istiqaməti üzrə aparılan elmi tədqiqat istiqamətlərindən danışan Bayram Rüstəmov vurğulayıb ki, astronomiya elminə verilən yüksək qiymətin göstəricisidir ki, hazırda kiçik göy cisimlərinə, eləcə də planetlərin kraterlərinə verilmiş adların 13-ü Azərbaycanla bağlıdır. Diqqətə çatdırılıb ki, Batabat Rəsədxanası və Ağdərə stansiyası ilə işləri daha yaxşı qurmaq üçün gələcəkdə AMEA-nın nəzdində Azərbaycan Astronomiya İnstitutunun yaradılması astronomik tədqiqatların inkişafına güclü təkan verəcək və birgə  layihələrin tədqiqi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Ulduzların harada və necə yaranması haqda elmi-populyar məruzə ilə çıxış edən Bayram Rüstəmov bildirib ki, ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kütlə, radius və parlaqlıqlarına görə bir-birlərindən ciddi fərqlənən ulduzların radiusları Günəşdən yüz, hətta min dəfə böyükdür. Qeyd edilib ki, ulduzun təkamülü onun ulduz beşiyi adlanan nəhəng molekulyar buludlarda yaranması  ilə başlayır. Ulduzlar hal-hazırda Qalaktikada müşahidə edilən diffuz qaz maddəsindən əmələ gəlir.

Sonda alim XX əsrdə astrofizikanın ən mühüm nailiyyətlərindən birini– ulduzların da insanlar kimi doğulub, yaşayıb və ölməsi barədə gəldiyi nəticəni vebinar iştirakçılarının diqqətinə çatdırıb.

Vebinar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: