“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda Təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi qayğı nəticəsində muxtar respublikada məktəb kitabxanalarının maddi bazası və fondu zənginləşdirilib, elektron kitabxanalar yaradılıb, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılıb və oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Diqqətə çatdırılıb ki, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlərə mütaliə vərdişlərinin aşılanması, məktəbin pedaqoji kollektivinə elmi, pedaqoji və ictimai, publisistik və metodiki təcrübə sahəsində xidmətlərin göstərilməsi və dövrü mətbuat yeniliklərinin yayılması kimi vəzifələri icra edir. Keçirilən konfransın da məqsədi təhsil müəssisələrində kitabxanaların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsidir.
Təhsil naziri bildirib ki, məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunan bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2 mindən çox elektron tədris vəsaiti ilə təmin edilib. Nazirliyin tabeliyində 216 kitabxanada 84 kitabxana müdiri, 136 kitabxanaçı çalışır.
Mövzu ilə bağlı digər çıxış edənlər dinlənildikdən sonra Təhsil Nazirliyinin təşəbbüsü ilə kitabxanaçılar üçün 3 günlük təlimə start verilib. Təlim kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, kitabxana müdirlərini müasir texnologiyalarla tanış etmək məqsədilə keçirilir.
Ərhan Novruzov