“Molla Nəsrəddin”in nəşrə başlamasının 115 illiyi qeyd edilib - FOTOLAR
Azərbaycan satirik mətbuatının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalı nəşrə başladığı ilk gündən Azərbaycan mətbuatının inkişafına güclü təsir göstərib, milli ideyalılığı, xalqa bağlılığı, ana dilinə sevgisi ilə seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 115-ci ildönümü münasibətilə keçirilən dəyirmi masada səsləndirilib.
“Azərbaycan milli-ictimai inkişafı və “Molla Nəsrəddin” jurnalı” mövzusunda keçirilən dəyirmi masada İnstitutunu direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, jurnalda Azərbaycanın tarixi əraziləri də daxil olmaqla, bütün bölgələrə həssaslıqla nəzər yetiririlirdi. Bu baxımdan jurnalda Naxçıvan da daim diqqət mərkəzində saxlanılırdı. Cəlil Məmmədquluzadə öz publisistik üslubu, özünəməxsus dəsti-xətti ilə Naxçıvanın o dövrkü bütün problemlərini bu qədim diyarın ictimai-siyasi, sosial-iqtisadi mənzərəsini əks etdirir, buradakı çatışmazlıqlara öz münasibətini satirik gülüşün qüdrəti ilə ifadə edirdi.
Dəyirmi masada Bölmənin ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, foklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və böyük demokrat Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir.
Çıxışlardan sonra “Molla Nəsrəddin” jurnalında dil məsələləri, qrafika sənəti və digər mövzularda müzakirələr aparılıb.
Novruz Məmmədov