Naxçıvan Dövlət Universitetində bir ilk - “Muğam axşamı” təşkil edildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Universitetin Konservatoriyasında ilk dəfə təşkil olunan “Muğam axşamı”nda universitetin İncəsənət fakültəsinin müəllim və tələbələri Xalq musiqisinin incisi olan muğamlar, təsniflər, xalq və bəstəkar mahnılarını ifa ediblər. Ali təhsil ocağının müəllim və tələbələrinin bir səhnəni paylaşdıqları konsertdə ritmik muğam “Heyratı”, Segah təsnifi “Könül açdım”, Xalq mahnılarından “Gəl-gəl, ay aman”, “Aman təklik əlindən”, “İsmi pünhan” “Çoban qızı” və bəstəkarlardan Səid Rüstəmovun “Ay ceyran sevgilim” və Əlibaba Məmmədovun “Vətən yaxşıdır” mahıları ifa edilib.
Sonra bəstəkar Şəfiqə Axundovanın “Mehriban olaq” mahnısı ifaçılar tərəfindən birgə səsləndirilib.
Sonda ali təhsil ocağında ilk dəfədir təşkil edilən konserti yüksək qiymətləndirən universitetin rektoru Elbrus İsayev istedad sahibi olan hər kəsi təbrik edib. Qeyd edilib ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Səadət Əliyeva