NMİ-də “Şagirdlərin ekoloji tərbiyəsində coğrafiya və biologiya fənlərinin imkanları” mövzusunda konfrans keçirilib
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, İnstitutun professor müəllim heyəti, orta ümumtəhsil məktəblərinin bir qrup coğrafiya və biologiya müəllimləri və tələbələr iştirak etdiyi konfransda rektor Azad Novruzov ekoloji tarazlığın qorunmasının günümüzün aktual problemlərindən biri oluğunu vurğulayıb. Rektor bildirib ki, kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq müəllimlərin qarşısında duran mühüm vəzifələrdəndir. Şagirdlərə aşılanmalıdır ki, hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməlidir. Təəsüflər olsun ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulub. Dağlıq Qarabağ və onun ətrafında gedən hərbi əməliyyatlar nəticəsində hektarlarla meşə sahələri, çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilib.
Rektor qeyd edib ki, şagirdlərin ekoloji tərbiyəsində daha çox imkanlara malik olan coğrafiya və biologiya fənn müəllimlərinin bilik və bacarıqlarının müasir tələblər baxımından təkmilləşdirilməsi olduqca zəruridir.
Sonra mövzu ilə bağlı institut müəllimlərinin çıxışları dinlənilib.
Sonda müzakirə olunan mövzu ilə bağlı videoçarx nümayiş olunub.