“Naxçıvan blokadası” kitabının müzakirəsi keçirilib - FOTOLAR

A- A A+

Muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil edilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə gənc müəllimlərin iştirakı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın iki cildlik “Naxçıvan blokadası” kitabının müzakirəsi keçirilib.  

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə bildirib ki,  aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Rəşad Əlizadə “Mütaliə aylığı” çərçivəsində müzakirəsi təşkil olunan Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın iki cilddən ibarət “Naxçıvan blokadası” kitabı barədə məlumat verib. Qeyd edilib ki, Mətanət Məmmədova 2010-cu ildə Milli Mətbuatımızın 135 illiyinə həsr etdiyi “Qəzet jurnalistikası”, 2020-ci ildə isə Milli Mətbuatımızın 145 illiyinə həsr etdiyi “Naxçıvanın publisistik xəritəsi” adlı kitablarının da müəllifidir. Bu gün müzakirəsi keçirilən və Naxçıvan tarixi ilə bağlı vəsait kimi oxuculara tövsiyə olunan “Naxçıvan blokadası” isə müəllifin üçüncü kitabıdır. “Naxçıvan blokadası” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə elm sahəsi üzrə “Naxçıvan Muxtar Respublika” mükafatına layiq görülüb.

Müəllif, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədova çıxışında bildirib ki, kitabda böyük quruculuq işləri Naxçıvan şəhərinin, rayonlarımızın, kəndlərimizin simasında daha aydın şəkildə oxuculara çatdırılır. Kitabda çap olunan şəkillər həm 90-cı illərdəki sosial obyektlərin, həm də həmin tikililərin bugünkü mənzərə ilə müqayisəsini bir daha göz önündə canlandırır. Bu isə blokada şəraitində yaşayan Naxçıvanın keçdiyi böyük və şərəfli yolun bariz nümunəsidir.

Sonda Mətanət Məmmədova müəllifi olduğu “Naxçıvanın publisistik xəritəsi” kitabını gənc müəllimlərə bağışlayıb.

Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: