Tələbələrdən interaktiv layihə: “Sahibkarlıqda maliyyə hədəfləri” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetinin Maliyyə və Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu və audit ixtisası üzrə istehsalat təcrübəsinə cəlb olunan tələbələr arasında təşkil olunan layihəyə 6 komandadan ibarət 24 tələbə cəlb olunub.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Sahibkarlar Günü” münasibətilə təşkil olunan layihənin həyata keçirilməsində məqsəd gənclərdə ilkin sahibkarlıq anlayışlarının formalaşdırılması və onlarda mövcud olan sahibkarlıq bacarıqlarının müəyyənləşdirilməsi, eyni zamanda uğurlu biznes ideyalarının seçilib reallaşdırılması üçün maliyyə savadlılığının artırılmasıdır.
Maliyyə Nazirliyinin əməkdaşları Qənbər Xudiyev və Pərviz Babayevin təqdimatında keçirilən “İdeyadan uğurlu biznesə” adlı modulda iştirakçılara ideya nədir, biznes ideyası necə yarana bilər, biznesin yol xəritəsi, uğurlu biznes ideyaları, biznes planının qurulması, onun maliyyə təminatı və digər mövzulara dair slaydlar vasitəsilə məlumat verilib.
Sonra komandalar arasında, bir ilk olaraq, beynəlxalq səviyyəli “Marshmallow” interaktiv stimullaşdırma oyunu keçirilib.
Təlimin sonunda komandaların internetə çıxışı təmin edilməklə “Kahoot” - biliyin ölçülməsi sistemi vasitəsilə iştirakçıların bilik və bacarıqları qiymətləndirilib, qalib komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.