“Sahibkarlıqda maliyyə hədəfləri” adlı interaktiv layihədə 6 komanda iştirak edib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Naxçıvan” Universitetinin Maliyyə ixtisası və Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu və audit ixtisasının istehsalat təcrübəsinə cəlb olunan tələbələri arasında “Sahibkarlıqda maliyyə hədəfləri” adlı interaktiv layihə həyata keçirilib. Layihəyə 6 komandadan ibarət 24 tələbə cəlb olunub.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən mərkəzin direktoru Mehriban İmanova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sərəncamın icrası təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına stimul verir. Dövlət sənədinin icrası ilə əlaqədar tələbələrə peşə vərdişləri aşılanır. Həmçinin muxtar respublikanın Maliyyə Nazirliyinə istehsalat təcrübəsinə cəlb olunan tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün lazımi işlər görülür. 25 aprel - Sahibkarlar Günü münasibətilə təşkil olunan layihənin həyata keçirilməsində də məqsəd gənclərdə ilkin sahibkarlıq anlayışlarının formalaşdırılması və onlarda mövcud olan sahibkarlıq bacarıqlarının müəyyənləşdirilməsi, eyni zamanda, uğurlu biznes ideyalarının seçilib reallaşdırılması üçün maliyyə savadlılığının artırılmasıdır.

Mehriban İmanova qeyd edib ki, sahibkarlıq fəaliyyəti iqtisadi və sosial tərəqqinin əsas şərti olduğu üçün belə maarifləndirici təlimlərin keçirilməsi hamiliyə verilən tələbələrin startap layihələrinin hazırlanmasında da mühüm əhəmiyyət kəsb edir.

Maliyyə Nazirliyinin əməkdaşları Qənbər Xudiyev və Pərviz Babayevin təqdimatında keçirilən “İdeyadan uğurlu biznesə” adlı modulda iştirakçılara ideya nədir, biznes ideyası necə yarana bilər, biznesin yol xəritəsi, uğurlu biznes ideyaları, biznes planın qurulması, onun maliyyə təminatı və digər mövzulara dair slaydlar vasitəsilə məlumat verilib.

“Sahibkarlıq və maliyyə bilikləri” adlı növbəti modulda sahibkarlıq anlayışı, sahibkarlıq fəaliyyətinin növləri, maliyyə resurslarının idarə olunması, maliyyə nəticələrinin qiymətləndirilməsi yolları izah edilib.

Sonra komandalar arasında ilk dəfə beynəlxalq səviyyəli “Marshmallow” interaktiv stimullaşdırma oyunu keçirilib. Oyunun təşkilində məqsəd tələbələr arasında komanda işinin təşkili, biznesin və vaxtın idarə edilməsi kimi bacarıqları təkmilləşdirməklə qarşıya çıxacaq uğursuzluqların səbəblərini və müvəffəqiyyət qazanmağı öyrətməkdən ibarətdir.

Təlimin sonunda komandaların internetə çıxışı təmin edilməklə “Kahoot” - biliyin ölçülməsi sistemi vasitəsilə iştirakçıların bilik və bacarıqları qiymətləndirilib, qalib komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: