Naxçıvanda yazıçılarla məktəblilərin görüşü keçirildi - FOTOLAR
Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirlik tərəfindən təşkil olunan görüş “Mütaliə aylığı” çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində baş tutub.
“Məktəb kitabxanalarının maddi bazası yaxşılaşdırılıb, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat ümumtəhsil məktəblərinə verilib”,-deyən Təhsil naziri Rəhman Məmmədov muxtar respublikamızda kitabxana şəbəkələrinin, kitab fondunun zənginləşdirilməsindən danışıb.
Təhsil naziri qeyd edib ki, artıq üçüncü ildir ki, aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Muxtar respublikanın yazıçıları ilə keçirilən görüş də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərin davamıdır. Bugünkü görüşün də yaradıcılığa, şeir yazmağa meyli olan məktəblilərə stimul verəcəyinə inanırıq.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair Asim Əliyev,Yazıçılar Birliyinin üzvləri - Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Həsənəli Eyvazlı, filologiya üzrə fəlsəfə doktoru, şair, ədəbiyyatşünas Xanəli Kərimli, şair-publisist Muxtar Qasımzadə, şair Zeyqəm Vüqar, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu və “Nuh yurdu” qəzetinin redaktoru, şair Qafar Qərib muxtar respublikada yazıçı və şairlərə göstərilən dövlət qayğısından danışıblar, öz əsərlərindən Naxçıvanın dünəni və bu günü ilə bağlı seçmələri təqdim ediblər.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri tədbirdə iştirak edən şagirdlərə öz kitablarını hədiyyə ediblər.