Bu il NDU-da magistraturaya qəbulda yüksək nəticə gözlənilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Müasir mərhələdə magistr hazırlığı: Prioritetlər, hədəflər” mövzusunda seminar keçirilib.

Ali təhsil ocağının Magistratura mərkəzində keçirilən seminarda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universitetində magistratura təhsilinə xüsusi diqqət yetirilir. Bu məqsədlə müasir maddi-texniki və tədris bazası formalaşdırılıb. Yaradılan şəraitin nəticəsində magistraturada 45 ixtisas və 76 ixtisaslaşma üzrə qəbul aparılır. Diqqətə çatdırılıb ki, 2020-2021-ci ilin qəbulunda magistraturaya 248 plan yerinə qarşı 208 nəfər qəbul olunub. Bu da  son 10 ilin ən yüksək nəticəsi hesab olunur. Dissertasiyalarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə üstünlük verildiyinə diqqət çəkən rektor seçilən mövzuların doğma yurdun tarixini, mədəniyyətini, incəsənətini əks etdirməsinin əsas hədəf meyarlarından olduğunu bildirib.

Qeyd olunub ki, son 2 ildə ali təhsil ocağında magistraturaya qəbul bir mərhələdə həyata keçirilir. Bununla da tələbələrin təhsilin növbəti pilləsinə daxil olmaq imkanları daha da asanlaşıb.  Bu ilin fevral ayında keçirilən qəbulun nəticələrinə görə təkcə bu il bakalavr mərhələsindən məzun olacaq 154 tələbə müsabiqə şərtlərini ödəyib. İyun ayında təkrar qəbul imtahanlarının keçiriləcəyini, eləcə də əvvəlki illərdə məzun olmuş bakalavrların da qəbul imtahanlarında iştirakını nəzərə aldıqda cari ildə universitet üzrə magistraturaya qəbulda yüksək nəticə gözlənilir.

“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti Arif Ağalarov magistr təhsilinə marağın artırılması yollarından danışıb. “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisaslaşması üzrə II kurs magistrant Aysu Cavadlının “Magistratura təhsilində qazandığımız təcrübələr və perspektivlər”, “İngilis dili” ixtisaslaşması üzrə I kurs magistrant Lalə Rzayevanın “Magistratura təhsilinin gələcək karyeramıza təsiri” mövzularında çıxışları dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: