Hər elmdən hali...

A- A A+

Dünya-bəşər mədəniyyətinə böyük töhfələr verən Azərbaycan xalqı qədim tarixə və zəngin mədəniyyətə sahibdir. Azərbaycanda söz sənəti ilə insanlıq tarixi bir-birilə addım-addıma irəliləyib, zəngin söz sərvətinə, qüdrətli söz ustadlarına malik olubdur. Ozan-aşıq sənəti məhz belə bir özünəməxsusluğa malik olaraq xalqımızın fərqləndirici keyfiyyəti kimi çıxış ediblər. “Kitabi-Dədə Qorqud” kimi qədim ana abidəmizdə Dədə Qorqud ozanların dədəsi olmaqla bərabər, el ağsaqqalı, el müdriki kimi çıxış edibdir. Hər bir oğuz övladı qopuzla öz milli kimliyini təsdiq edibdir. Yüz illlər boyunca saz-söz sənəti inkişaf edib, qədim ənənələrə malik olan qopuz saza çevrilib, lakin söz ustadlarına verilən “dədə” rütbəsi daim yaşayıbdır. Yaşayan saz-söz sənətimizin Molla Qasımı, Aşıq Qurbanisi, Xəstə Qasımı, Sarı Aşığı, Abbas Tufarqanlısı, Aşıq Alısı, Molla Cuması və başqaları olubdur. Aşıq Ələsgər də məhz bu sənətin ənənə və sirlərinə sahiblənərək yetişmiş qüdrətli söz ustadlarından biri olubdur. Ona nəinki Azərbaycanda, bütün türk dünyasında Dədə Ələsgər deyə müraciət ediblər. Qeyri-adi istedad sahibi olan Dədə Ələsgər aşıq sənətinin sirlərini dərindən bilərək ona həm də öz yaradıcılığı ilə yeniliklər qatıb, forma və məzmun etibarilə zənginləşdiribdir.

Xalqımızın istedad ünvanlarından biri olan söz ustadlarından biri kimi Aşıq Ələsgər irsinə həmişə qayğı göstərilib, yüksək qiymət ifadə edilibdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə Aşıq Ələsgər şəxsiyyəti və irsinə həmişə böyük ehtiram göstərilib, 150 və 175 illik yubileyləri yüksək təntənə ilə qeyd edilib, büstü qoyulub, əsərləri dəfələrlə nəşr edilib, tədqiqatlara cəlb edilibdir və s. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli Sərəncamı da göstərilən diqqət və qayğının bariz bir ifadəsidir. Sərəncamda deyilir: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür”.

Eyni zamanda muxtar respublikamızda Aşıq Ələsgərin 200 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 fevral 2021-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilibdir.

Saz-söz sənətinin qüdrətli ustadlarından olan Aşıq Ələsgər Azərbaycanın Göyçə elindəndir. Göyçə aşıq mühitinə mənsub olan bir sənətkar 1821-ci ildə Ağkilsə kəndində Alməmməd kişinin ailəsində dünyaya göz açıb. Maddi cəhətdən yoxsul olan çoxuşaqlı ailənin vəziyyətini yaxşılaşdırmaq məqsədilə kəndin varlı şəxslərindən olan Kərbəlayı Qurbanın təklifi ilə atası Ələsgəri ona nökər veribdir. Əslində isə oğlu olmayan Kərbəlayı Qurbanın məqsədi Ələsgəri özünə oğulluğa götürmək imiş. Ələsgər özgə qapılarındakı nökərçilik illərində özünü ədəbli, mərifətli, sözdən duyar bir adam kimi təsdiq edibdir. Ağasının Səhnəbanu adında qızına aşiq olan Ələsgərin qəlbi körükçü ocağı kimi alışıb yanır. Lakin bu sevda baş tutmur: Ələsgərin sevdiyi Səhnəbanu zorla əmisi oğluna ərə verilir. Ələsgərin qəlbindəki sevgi dünyası bu nakam taledən irəli gələrək söz-söz qırılıb qəlbindən dilinə tökülür. Eşqdən, məhəbbət yarasından yaxşı anlayan atası Alməmməd kişi Ələsgəri saz-söz sənətinin sirlərini öyrənmək məqsədilə o zamanlar böyük ad çıxarmış ustad Aşıq Alının yanına şəyird qoyur. Öz ədəbi və istedadı ilə Aşıq Alının ən qabiliyyətli şəyirdi kimi şöhrət qazanır, ad çıxarır. Ustadı Aşıq Alı ilə deyişən və onu bağlayan Aşıq Ələsgər ustadının sazını almaqdan imtina edərək mərifətlə:

Bir şəyird ki ustadına kəm baxa,

Onun gözlərinə qan damar damar

şeirini deyir. Aşıq Ələsgər özü də ustad olub, şagirdlər yetişdiribdir.

Aşıq Ələsgər 1926-cı ildə martın 7-də 105 yaşında dünyasını dəyişib

Aşıq Ələsgər yaradıb-yaşadan aşıqlardandır. Dədə Ələsgər kimi şöhrət qazanan bu nadir söz ustadı aşıq sənətinin inkişafına rəng qatıb, onu forma və məzmun cəhətdən zənginləşdirib. Onun yaradıcılığı ədəb və mərifət dərsidir, müdriklik məktəbidir, vətənpərvərlik tərbiyəsidir. Yaradıcılığının əsasını lirika təşkil edir. Aşıq Ələsgər lirikasını ictimai, sevgi, el gözəllərinin tərənnümü, təbiət, əxlaqi-didaktik mövzuları olmaqla qruplaşdırmaq olar. Elə sədaqət, vətənə məhəbbət, təbiətə vurğunluq, el gözəllərinə sevdalılıq onun yaradıcılığının məğzini təşkil edir. El gözəllərini bütün keyfiyyətlərilə tərənnüm edən Ələsgər irsində xalqımızın mədəni-mənəvi dəyərlərinin təbliği başlıcalıq təşkil edibdir.

Aşıq Ələsgər ustad sənətkardır. Haqqında onun savadsız olması barədə fikirlər olsa da, elmlərin sirrini öyrənib açarını cibinə qoyduğu yaradıcılığından açıqca məlumdur. Ərəb hərflərinin adı ilə şeir yazan Ələsgər bu elmin sirrini “Allahın adı ilə” başlıqlı şeirində belə ifadə edirdi:

 İbtidada “Əlif” Allah,

“Be” birliyə dəlalətdir.

“Te” təkdir vahidi-yekta,

Arif bu elmə bələddir.

 

 “Se” şahiddir doğru yola,

“Cim” ucadır, bax calala.

“He” mehribandır halala,

 Minkir ondan xəcalətdir.

 

Aşıqlıq sənətinin sirlərinə dərindən bələd olan Dədə Ələsgər onun bütün vacib, zəruri keyfiyyətlərini “Gərəkdir” rədifli şeirində açırdı:

Aşıq olub, tərki-vətən olanın

Əzəl başdan pürkamalı gərəkdir.

Oturub durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdir.

 

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra,

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdir.

 

Danışdığı sözün qiymətin bilə,

Kəlməsindən ləlü gövhər süzülə,

Məcazı danışa, məcazı gülə,

Tamam sözü müəmmalı gərəkdir.

 

Arif ola, eyham ilə söz qana,

Naməhrəmdən şərm eyləyə, utana,

Saat kimi meyli haqqa dolana,

Doğru qəlbi, doğru yolu gərəkdir.

 

Sevgi lirikası və el gözəllərinin tərənnümü Aşıq Ələsgər irsinin əsasını təşkil edir. “Bəyistan”, “Qadan alım”, “Qaşların”, “Düşdü”, “Eyləmişəm”, “İncimərəm”, “Yavaş get”, “Getmə, amandı”, “Güləndam”, “Güllü”, “Müşgünaz” və başqa əsərləri gözəlləmə və sevgi lirikasının ən gözəl örnəklərini təşkil edir. Bu nümunələrdə el gözəllərinin tərifləri verilməklə bərabər onlara bir könüldən min könülə aşiq olan el igidlərinin məhəbbəti təsvirini tapıb. Saf, təmiz məhəbbət bu şeirlərin əsas ruhunu təşkil edir.

Aşıq Ələsgər yaşadığı zamanın, zəmanənin dərdi-gileyini də əsərlərində nəqş edirdi. Onun “Qalmadı”, “Qoca baxtım”, “Dəli Alı”, “Yaxşıdı”, “Gərəkdi”, “Görmədim”, “Çıxıbdı”, “Mollalar” və başqa əsərləri ictimai məzmunu, tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edir.

Vətən təbiətinə vurğunluq və onun gözəlliklərinin tərənnümü söhbət mövzusuna çevrilincə Dədə Ələsgərin iki məşhur, dillər əzbəri olan “Dağlar” rədifli şeirləri yada düşür. Müxtəlif jnrlarda yazılan “Şah dağı”, “Yaylaq” kimi əsərləri də təbiət lirikasının ustad misralarını özündə ümumiləşdirir. Bu şeirlərdə bəzən təbiətlə ictimai hadisələr arasında əlaqə də özünə yer tapır, ciddi ictimai məzmun kəsb edən fikirlər səsləndirilir.

Aşıq Ələsgər o sənətkardırdır ki, həm özünəqədərki qəlib məcazları, janrları böyük məharət və ustalıqla istifadə edib, həm də tamamilə bənzərsiz, orijinal məcaz nümunələri ortaya qoyub, yeni janrlar ərsəyə gətirib. Onun təcnisləri, dodaqdəyməz və cığalı təcnisləri Ələsgərin həm hər elmdən, həm də söz elmindən nə dərəcədə dərin bildiyinin əyani təzahürüdür. Ustadın bağlamaları, deyişmələri, həcvləri, hərbə-zorbaları, müxəmməs və divaniləri onun nə qədər zəhmətkeş və yaradıcı, məhsuldar, ustad bir sənətkar olmasının sübutudur.

Beləliklə, Aşıq Ələsgər Azərbaycan və ümumən türk dünyasının aşıq sənətini yaşadan və onu əbədiləşdirən nəhəng ustadlarından biridir. Bütün Azərbaycanın sevdiyi bu qüdrətli söz ustadı Naxçıvanla da bağlı olmuş, haqqında deyilən dastan və rəvayətlərdə, bəzi əsərlərində Naxçıvanla bağlılığı, əlaqə və münasibətləri yer almışdır. Bu ustad sənətkara xalqımızın məhəbbəti tam, hörməti tükənməzdir.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: