Şərurda 217 şagird tuberkulin test sınağına cəlb edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında vərəmin erkən aşkar olunması məqsədilə I-VI sinif şagirdlərində kütləvi tuberkulin test sınağı aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 27-də keçirilən növbəti aksiya Şərur rayonunun Oğlanqala və Mahmudkənd tam orta məktəblərinin şagirdlərini əhatə edib. Adıçəkilən məktəblərin 217 şagirdi tuberkulin test sınağına cəlb edilib.
Şərur Rayon Uşaq Xəstəxanasının tibb işçiləri tərəfindən həyata keçirilən sınaq zamanı heç bir narahatlıq müşahidə olunmayıb. Mahmudkəddə 117, Oğlanqalada isə 100 şagird tuberkulin test sınağından keçirilib.
Qeyd edək ki, tuberkulin sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır. Sınağın nəticəsi 72 saatdan sonra həkim tərəfindən qiymətləndirilir. Bu zaman şübhəli və müsbət reaksiyalı şagirdlər dərin ftiziatr müayinəsinə cəlb olunur. Zərurət yarandıqda Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində müalicəsi aparılır.
Məhəmməd Fərəcov