“Nizami dünyası” teatr müsabiqəsinin ilk mərhələsi keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqənin ilk mərhələsində Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən “Xəmsə”yə daxil olan əsərləri özündə təcəssüm etdirən “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiya səhnələşdirilib. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyan tamaşanın qiymətləndirilməsi təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılıb. Münsiflər heyəti sonda tələbələrə tamaşa ilə bağlı fikir və iradlarını bildirib, onlara uğurlar arzulayıblar.
May ayında sona çatacaq müsahibənin qalibləri münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq, ilk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə keçirdiyi teatr müsabiqəsi “Nizami Gəncəvi İli”nin qeyd olunması, şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə keçirilir.