Amerika prezidenti çıxışında soyqırım ifadəsini işlətməklə ABŞ-ın erməni icmasına verdiyi sözə guya sədaqətli olduğunu nümayiş etdirdi
Amerikanın yeni seçilmiş prezidenti çıxışında soyqırımı ifadəsini işlətməklə seçkidə ona yaxından kömək etmiş ABŞ-ın erməni icmasına verdiyi sözə guya sədaqətli olduğunu nümayiş etdirdi. Bu mövqe tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir. İndi 1915-ci il hadisələri haqqında dünya ictimaiyyətinə tarixi gerçəklər bütün çılpaqlığı ilə məlumdur. Vicdanlı erməni ziyalılarının özləri də soyqırımı uydurmasının saxta, açıq yalan olmasına aid artıq yavaş-yavaş fikirlər səsləndirməkdədirlər. Bu fikirləri NUHÇIXAN İnformasiya Agentliyinə müsahibəsində AMEA Naxçıvan Bölməsinin müxbir üzvü, Bölmənin Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev deyib.
Alim bildirib ki, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğan 2008-ci ildə saxta erməni soyqırımı ilə bağlı Türkiyədəki Osmanlı arxivlərinin tarixçilərə açıq olması haqqında ermənilərə "gəlin birlikdə araşdıraq" deyə beynəlxalq miqyasda çağırış edəndə Ermənistan prezidenti Köçəryan həqiqətlərin üzə çıxacağından qorxub bu məsələyə reaksiya vermədi. Çünki tarixi sənədlər erməni saxtakarlığını üzə çıxarıb. Soyqırım yalanından erməni daşnakların özləri də beziblər. İndi onlar Co Baydenin bu sözlərinə söykənib, Amerikanın mövqeyindən istifadə edib Qarabağ məsələsində nə isə qazanmaq, dünyanın super gücü olan Amerikanın Türkiyə və Azərbaycan ilə əlaqələrinə zərbə vurmaq istəyirlər. Hamıya məlumdur ki, XV əsrdə Eçmiədzin bölgəsində məskən salmaqla Qafqaza təşrif gətirən ermənilər yavaş-yavaş Albanların mədəni irsini mənimsəyib ona sahib çıxmaqla şimali və cənubi Azərbaycan torpaqlarını başqa dövlətlərin köməyi ilə ələ keçirib Azərbaycan torpalarında yayılıblar. Daha sonra onlar Rus imperiyasının himayəsi altında əzəli Azərbaycan əraziləri olan Göyçəni də, İrəvanı da, Dərələyəzi də, Zəngəzuru da, Kəvər, Pəmbək, Sərdarabadı da, Dəvəlini də, indiki Gürcüstanın Mesxet bölgəsini (Axısqa, Axalkələk) də zəbt ediblər. Bu gün də riyakar, vəhşi xislətlərindən əl çəkməyən, böyük dövlətlərin əlində alət olub azğınlaşan ermənilər "dənizdən dənizə Ermənistan" kimi xəstə xəyallarla yaşayırlar.
Bayden ikiüzlülük edir, yalanı həqiqət donunda təqdim edir, əsl soyqırımı, Xocalı soyqırımını heç yada salmır. Görünür, Bayden qondarma erməni soyqırımından öz imperialist planlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə etmək, Yaxın Şərqdə iqtisadi və hərbi cəhətdən güclənmiş Türkiyəni zəiflətmək məqsədi güdür. O, eyni zamanda Cənubi Qafqazda nüfuz dairəsini genişləndirmək istəyir. Ədaləti müdafiə edən dünya dövlətləri Amerikadan fərqli olaraq Türkiyənin PKK-ya qarşı, terrorçulara qarşı mübarizəsini müdafiə edirlər. Azərbaycan dövləti və xalqı da həmişə qardaş Türkiyənin yanındadır. Baydenin bu çıxışı isə düşünülmüş müdrik siyasi xadim çıxışı deyil, imperialist zehniyyətin, dünyada Əfqanıstan, İraq, Suriya kimi müharibə ocaqlarını yaradan, PKK-nı, İŞİD-i yaradan bir dövlətin, xalqlar arasında ədavəti, nifaqı qızışdıran dövlət xadiminin siyasətidir. 44 günlük II Qarabağ müharibəsində ağır məğlubiyyətə düçar olub darmadağın olan ermənilərin revanşist səylərini Baydenin sözləri qısa müddət üçün həvəsləndirsə də, erməni qaniçənləri daha özgənin torpağında, Azərbaycanın dilbər guşəsi olan keçmiş Dağlıq Qarabağda ağalıq edə bilməzlər. Azərbaycan Prezidentinin vurğuladığı kimi “Dəmir yumruq” öz yerindədir. Vətən müharibəsində aldıqları sarsıdıcı zərbədən sonra onlara yenidən güc toplamaq üçün bəlkə də 100 il lazım olacaq. Bir dərin məzmunlu atalar sözümüz var: Haqq nazilər, üzülməz. Türkiyə və Azərbaycanın işi haqq işi, öz suverenliyi, ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda terrorizmə qarşı mübarizədir.