Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
“Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.” NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunan guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Tədbirdə Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında Prezident İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir.
Sonra Akademik Zərifə xanım Əliyevanın həyat və çoxşaxəli fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova “Akademik Zərifə xanım Əliyeva fədakar insan, əsl Azərbaycan qadını kimi”, Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan”, baş həkimin müavini Tamella Bayramova “Oftalmoloq alim” mövzularında məruzələr ediblər.
Sonda Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən görkəmli alimə həsr olunmuş şeirlər bədii qiraət edilib.
Mədinə Rəhimli