Şair Asim Yadigarla tələbələrin görüşü olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında baş tutan görüşdə universitetin rektoru, dosent Nurlana Əliyeva şairin ədəbi-bədii yaradıcılıq nümunələrinə nəzər salıb. Bildirib ki, yaradıcılığına şeir ilə başlayan Asim Yadigar bu gün daha çox poema və dram əsərləri ilə tanınır. Onun qələmə aldığı şeirlərinin dili rəvan, ürəyəyatımlıdır. Şairin qəlbindən süzülüb gələn şeirlərinin əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq üstündə köklənib.
Çıxış edənlər qeyd edib ki, 40 ildən artıqdır ki, ədəbi yaradıcılıqla məşğul olan Asim Yadigarın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisidir. Prezident mükafatı, “Heydər Əliyev“ Xatirə qızıl medalı, “Tərəqqi” medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib. Asim Yadigarın 30-a yaxın qəzet və jurnalda, 28 ədəbi almanaxda şeirləri dərc olunub. Rusiyada, Türkiyədə, İranda onlarla şeiri qəzet, jurnal səhifələrində, ədəbi almanaxlarda işıq üzü görüb. 6 şeiri fransız dilinə tərcümə olunub.
Tədbirin sonunda şair Asim Yadigar çıxış edərək Naxçıvanda şair və yazıçılara yaradılan şəraitdən danışıb. Yeni dövrün, sürətli inkişafın ruhuna uyğun, yüksək bədii dəyərə malik ədəbi nümunələrlə bağlı fikirlərini diqqətə çatdıran şair “Bir nurlu heykəl yarat”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Vətən oğlu”, “Döyüş əmri ver mənə” və digər şeirlərindən nümunələr səsləndirib.
Hafizə Əliyeva