NDU tələbələri üçün praktiki təlim təşkil olunub - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tələbələr üçün təşkil edilən təlimdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə II kurs tələbələri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilib ki, fakültənin dekanı Əşrəf Ələkbərov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat verib, təlimin əsas məqsədinin tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini deyib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Səttar Zamanov bildirib ki, bu işlərə tələbələrin də cəlb olunması idarəetmə sahəsində innovativ layihələrin üzə çıxarılmasına hesablanıb.
Təlim zamanı slayd vasitəsilə tələbələrə bələdiyyə orqanlarına göstərilən metodoloji yardımın və inzibati nəzarətin aparılması qaydaları, nazirliyə bələdiyyələr tərəfindən daxil olan aktlar, qərarlar, protokollar, sorğular barədə ətraflı məlumat verilib, sənəd nümunələri əyani şəkildə nümayiş etdirilib.
Qarşılıqlı müzakirələrlə davam edən təlimdə inzibati nəzarətin aparılması qaydaları ilə bağlı tələbələri maraqlandıran suallar da cavablandırılıb.