Naxçıvanda 11-ci sinif şagirdləri buraxılış imtahanı veriblər

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün buraxılış imtahanları keçirilib. Muxtar respublika üzrə imtahanlarda iştirak etmək üçün, ümumilikdə 2 min 870 şagird qeydiyyatdan keçib.                                     

Bu gün ölkə üzrə 30 min 525 şagird imtahan vermək üçün qeydiyyatdan keçib. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanları respublika üzrə 25 şəhər və rayonda, o cümlədən muxtar respublikanın bütün bölgələrini əhatə etməklə 14 ümumtəhsil məktəbində təşkil olunub.

Abituriyentlər saat 09.00-dan etibarən imtahan binasına buraxılıblar. İmtahan respublikanın bütün bölgələrində eyni vaxtda, saat 11.00-da başlayıb. 

Mövcud vəziyyətlə əlaqədar olaraq imtahan binaları əvvəlcədən dezinfeksiya edilib, siniflərdə ehtiyat tədbirləri görülüb, tibbi maskalardan istifadə edilib və imtahan otaqlarında sosial məsafə gözlənilib.

Şagirdlərə proses zamanı 3 fənn üzrə - Azərbaycan dili, Riyaziyyat və Xarici dil olmaqla, ümumilikdə 85 sual təqdim olunub.  Sualların cavablandırılması üçün iştirakçılara 3 saat vaxt verilib. Bu müddət ərzində maksimum nəticə göstərən şagirdlər 300 balla qiymətləndiriləcək.

Qeyd edək ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsini” Dövlət İmtahan Mərkəzinin saytında aprelin 20-dən etibarən çap etdiriblər. Həmçinin şagirdlər imtahana gələrkən imtahan buraxılış vərəqəsini, sağlamlıq haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətiriblər.                                          

İmtahanların keçirilməsi üçün 35 imtahan rəhbəri, 14 ümumi rəhbər, 591 nəzarətçi cəlb olunub. Qeyd edək ki, 12 ümumi rəhbər istisna olmaqla, bütün imtahan rəhbərləri və nəzarətçilər regional bölmənin bazasındandır. İmtahanlar bütün mərkəzlərdə, istər buraxılış rejimi, istərsə də imtahanların başlayıb və bitməsi eyni vaxtda başa çatdırılıb. Nəticələr 3 həftə ərzində DİM-nin internet səhifəsində yerləşdiriləcək.

Həmçinin iştirakçılar "Naxtel" və digər mobil operatorlar vasitəsilə 7727-yə iş nömrələrini SMS-lə göndərməklə də imtahan nəticələrini əldə edə bilərlər.
   

   Ərhan Novruzov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: