Naxçıvan Müəllimlər İnstitutunda yeni STEAM kabinəsi istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə institutun rektoru Azad Novruzov STEAM dərs modeli haqqında məlumat verib. Naxçıvan Müəllimlər İnstitutunda STEAM kabinəsinin yaradılmasının müəllim hazırlığını həyata keçirən ali məktəb üçün çox əhəmiyyətli olduğunu, gələcəyin müəllimləri olan tələbələr, eləcə də ixtisasartırma və təkmilləşdirmə kursuna cəlb olunan müəllimlərin bu kabinənin imkanlarından istifadə edəcəklərini deyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanıldığını deyən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, ötən müddət ərzində 15 məktəb və məktəbdənkənar tərbiyə müəssisəsində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzi yaradılıb, əlavə olaraq 38 məktəbdə kabinələrin yaradılmasına başlanılıb.

Bu günədək 80 müəllim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllim isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimlərinə cəlb edilib. STEAM Tədris Mərkəzində 30 tələbəyə yeni təlim metodunun öyrədilməsi məqsədilə seminar keçirilib.

Naxçıvan Müəllimlər institutundakı STEAM kabinəsi tələbələrdə STEAM düşüncəsi və metodikası, 21-ci əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikası, mikrobit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi kimi istiqamətlərdə praktik bilik və bacarıqlar formalaşdıracaqdır.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Müəllimlər İnstitutuna STEAM dərslərinin tədrisi üçün metodik vəsaitlər, dərslik və proqramlar hədiyyə edilib, STEAM dərs modeli, onun mahiyyəti və gələcək perspektivləri barədə məlumatlar verib.

Sonda iştirakçılar müəllim və tələbələrin STEAM kabinəsində hazırladıqları modellərə tanış olublar.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: