Akademik İsmayıl Hacıyev Vətən müharibəsinə həsr olunmuş nümunəvi dərs keçib

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nümunəvi dərs Culfa rayon Xanəgah kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün təşkil olunub.

“Vətən müharibəsində qələbəni təmin edən əsas amillər” mövzusunda keçilən dərsdə alim ermənilərin əzəli torpaqlarımıza köçürülməsi, xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edib.

Akademik 44 gün davam edən Vətən müharibəsinin uğurlu nəticələrini, Şanlı Azərbaycan Ordusunun sərgilədiyi mükəmməl döyüş bacarığını pedaqoji ustalıqla məktəblilərin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın müzəffər Ordusu qısa zamanda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, 150-dən artıq kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbənin əsas rəhbəri Ali Baş Komandan, qələbəni qazanan isə müzəffər Ordumuz idi. Müharibənin davam etdiyi günlərdə İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, mərdlik və qətiyyətlilik nümunəsi göstərdi. İstifadə edilən düzgün və həlledici hərbi taktika düşmənin belini qırdı.

İsmayıl Hacıyev bildirib ki, qələbəmizi şərtləndirən amillərdən biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və siyasi həmrəylik olub. Əsgərlərimizin bu rəğbəti daim hiss etdiyini, döyüşən əsgər və zabitləri ruhlandırmaq üçün “Əsgərə məktub” aksiyasında məktəblilərin xüsusi fəallıq göstərdiyini qeyd edib.

Alim vurğulayıb ki, bu günün şagirdi sabahın vətənpərvər gəncidir. Bunun üçün də gənc nəsil tariximizi yaxşı öyrənməli, erməni vandallarının xalqımıza qarşı törətdikləri qanlı cinayətləri unutmamalı və bu reallıqların unudulmaması üçün bütün güclərini səfərbər etməlidirlər. Çünki 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, qələbə yalnız döyüş meydanında deyil, informasiya meydanında da qazanılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: