“Qars Müqaviləsi 100 il: Tarixi-siyasi əhəmiyyəti və bu günün siyasi reallıqları” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə keçirilən eyniadlı beynəlxalq konfransda
universitetin rektoru, dosent Nurlana Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb.
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini vurğulayan fikirlərini xatırladan rektor Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunmasının dövlətçilik tariximizdə mühüm mərhələ olduğunu bildirib. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının isə bütün dövrlər üçün aktual və vacibliyini vurğulayıb.
Konfransda İstanbul Zaim Universitetinin professoru Məhmət Əli Bolat “Qars müqaviləsinin Türkiyə üçün əhəmiyyəti”ndən danışıb. Bildirib ki, Azərbaycan və Türkiyə xalqlarının taleyi bir-biri ilə sıx bağlı olub. Müasir dövrümüzdə Naxçıvanın ərazi bütövlüyünün qorunmasında böyük əhəmiyyəti olan müqaviləni qüvvədən salmaq istəyən ermənilərin bunun üçün ciddi cəhdlə çalışdıqlarını deyən məruzəçi, bu “istəyin” gerçəkləşməyəcəyini, baş verə biləcək hər hansı təxribatda Türkiyənin birbaşa müdaxilə hüququ olduğunu xatırladıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Xəqani Məmmədovun “Moskva və Qars müqavilələrində Naxçıvan məsələsi” , Almaniyanın Bonn Universitetinin tədqiqatçısı Türkanə Allahverdiyevanın “Mudros müqaviləsindən Qars müqaviləsinə, Türkiyə və Naxçıvan məsələsi”, “Naxçıvan” Universitetinin dosenti Elçin Zamanlının “Gümrü-Moskva-Qars müqavilələri Naxçıvanın qurtuluşunun və siyasi hüquqi muxtariyyətinin tarixi təminatçısıdır” mövzularında çıxışları dinlənilib.
Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı Naxçıvanın regiondakı geosiyasi əhəmiyyətini vurğulayan məruzəçilər, qonşu ölkələrin zaman-zaman buraya yiyələnmə cəhdlərindən danışıb. Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyənata əsasən, Naxçıvan blokadadan çıxarılacaq, Azərbaycanla Türkiyə birləşmək imkanı qazanacaq
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.