Naxçıvan Dövlət Universitetinin XV Universiadasının açılış mərasimi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağının İdman Kompleksində təşkil edilən XV İdman Universiadasında Universitetin fakültə komandaları “Orkestr alətləri və dirijorluq” kafedrasının “Nəfəs alətləri” orkestrinin səsləndirdiyi musiqi sədaları altında zala giriş edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənc nəslin sağlam yetişməsi və idmana marağın artırılması məqsədilə universitetdə mütəmadi olaraq müxtəlif idman oyunları, yarışlar təşkil edildiyini deyən ali təhsil ocağının rektoru Elbrus İsayev bildirib ki, “Nəfəs alətləri” orkestrinin idman yarışlarında çıxışı yeniliklərdən biridir.
Universitetdə davamlı olaraq iki ildən bir universiadalar təşkil edilir. Həmçinin vurğulanıb ki, universiada basketbol, voleybol, tennis, stolüstü tennis və digər müxtəlif idman növlərindən ibarət olacaq. Bu il universiadaya yeni təsis edilmiş atıcılıq idman növü də əlavə edilib.
Tədbirdə universitetin Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi, karate üzrə dünya ikincisi, Avropa çempionatı üzrə III olan Aslan İsmayılov yarışda qazandığı uğurlardan bəhs edib, komandalara uğurlar arzulayıb.
Müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar göstərildikdən sonra fakültələr arası basketbol yarışına start verilib.
Etibar Dərbəndəliyev
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi