Naxçıvanda 11 mindən artıq məktəblinin cəlb olunduğu “Mütaliə aylığı”na yekun vurulub - FOTOLAR

A- A A+

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Təhsil naziri Rəhman Məmmədov gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolundan danışıb.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2017-ci il 28 avqust tarixli  “Oxunması zəruri olan kitablar haqqında”  Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də uşaq, yeniyetmə və gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır.

2019-cu ildən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Bununla bağlı baş tutan  tədbirlərə, ümumilikdə 11 mindən çox şagird cəlb olunub.

Bədii hissə ilə davam edən tədbirdə elm, təhsil, məktəb, müəllim, şagird, kitab və mütaliə haqqında dəyərli fikirlər səsləndirilib, Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən səhnələşdirilən Hüseyn Cavidin “Qız məktəbində” əsərindən parçaya baxılıb, şagirdlər tərəfindən Vətən, müəllim və kitab haqqında şeirlər, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən parça qiraət olunub.

“Mütaliə aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinə diplom və kitablar verilib. Tədbirin sonunda “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərdən ibarət videoçarxa baxış olub.

                                                Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: