Doktorant və magistrantların III regional elmi konfransı keçirilib - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusuna həsr olunan doktorant və magistrantların üçüncü regional elmi konfransı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və AMEA Naxçıvan Bölməsinin doktorant və magistrantları olmaqla, 120 gənc tədqiqatçı iştirak edib.
Regional elmi konfransın əhəmiyyəti barədə məlumat verən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, ölkəmizdə, o cümlədən muxtar respublikada elm və təhsilin sürətlə inkişaf etdiyi hazırkı dövrdə bu sahə üzrə geniş islahatlar həyata keçirilir. 2019-cu ildən ilk dəfə Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığına icazə verilib, 5 ixtisas üzrə 10 yerə qəbul elan edilib. 2020-2021-ci tədris ilində 4 ixtisas üzrə 43 magistr, 3 ixtisas üzrə isə 5 doktorant müvafiq sahələr üzrə qəbul olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu gün müasir təhsil sistemində gənc tədqiqatçılardan tələb olunan vacib xüsusiyyətləri diqqətə çatdırıb. Vurğulayıb ki, müasir dövrdə tədqiqatla məşğul olan gənclər davamlı olaraq kəşflər aparmalı, öz üzərlərində səylə çalışmalı, eləcə də xarici dil və kompüter texnologiyaları imkanlarını inkişaf etdirməlidirlər.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyevanın mövzu ilə bağlı çıxışı dinlənilib.
Qeyd edək ki, bu gün doktorantura və magistratura ali təhsil pillələri üzrə Naxçıvan Dövlət Universitetində 352 magistr və 108 doktorant, “Naxçıvan” Universiteti üzrə 28 doktorant və 21 magistr, Naxçıvan Müəllimlər İnstitutunda isə 28 doktorant və 65 magistr təhsil alır.
Konfrans öz işini bölmələrdə davam etdirib. 120 gənc tədqiqatçının iştirakı ilə 10 bölmədə 120-dən artıq məruzə dinlənilib.
Ərhan Novruzov