"Xalçaçı Günü" münasibətilə açıq dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Xalça muzeyində 5 may-"Xalçaçı Günü" münasibətilə açıq dərs keçirilib.

Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə keçirilən açıq dərsdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva bildirib ki, Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin  özünəməxsus yeri və rolu var. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvanda xalçaçılıq sənətinin bərpası və öyrənilməsi istiqamətində sistemli iş aparılıb. 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyinin 2010-cu ildə yeni bina ilə təmin olunması bu sahədə görülən işlərdəndir. Hazırda da qədim diyarımızda xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Gülbuta Babayeva Xalça Muzeyinin Naxçıvanın qədim xalçaçılıq sənətinin təbliğindəki əhəmiyyətini də diqqətə çatdırıb. Qeyd edib ki, muzeydə Naxçıvan xalçaçılıq məktəbinin 3 mindən artıq dəyərli nümunələri mühafizə və nümayiş olunur. Muzeyin üç dildə internet saytı da fəaliyyət göstərir ki, bu da dünyanın hər yerindən muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə eksponatlarla bağlı məlumatlar öyrənməyə imkan verir. Burada həm də xalçatoxuma ənənəsi qorunub saxlanılır.

Digər çıxış edənlər diqqətə çatdırıblar ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qədim el sənətinin hərtərəfli araşdırılması və təbliği üçün geniş imkanlar açıb, Naxçıvan xalçaçılıq məktəbinin inkişafında yeni mərhələnin əsasını qoyub.

Muzeylə tanışlıq zamanı tələbələrə xalçatoxuma prosesi əyani olaraq göstərilib, "Xalçaçı Günü"nə həsr olunan sərgiyə baxış olub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: