“Qədim Culfa” kitabının təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Baxşəliyevin və tarix elmləri doktoru Abbas Seyidovun həmmüəllifliyi ilə nəşr olunan “Qədim Culfa” kitabının təqdimatı keçirilib. Tarixçi, arxeoloq, müxtəlif elm adamları və tələbələr üçün nəzərdə tutulan kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada elm adamlarına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, “Qədim Culfa” kitabı tanınmış alim Vəli Baxşəliyev və Abbas Seyidovun uzunmüddətli tədqiqatlarının bəhrəsidir. Əsər həm elmi əhəmiyyəti, həm də zövqlü tərtib xüsusiyyətlərinə görə fərqlənir. Kitabda verilən rəngli fotoşəkil və qrafik təsvirlər elmi faktların oxucular üçün daha anlaşıqlı olması üçün xüsusilə faydalıdır.
Vurğulanıb ki, professor Vəli Baxşəliyev arxeologiya sahəsində həm nəzəri, həm də praktiki cəhətdən dərin biliyə malikdir. O, Naxçıvan ərazisində aparılan beynəlxalq və respublika əhəmiyyətli ekspedisiyaların əsas icraçısı olub, arxeologiyamızın yeni elmi faktlarla zənginləşdirilməsində misilsiz xidmətlər göstərib. Təcrübəli arxeoloqun aşkar etdiyi elmi yeniliklər sayəsində ədəbiyyatlarda mövcud olan bir sıra faktların əslində daha da qədim dövrlərə məxsus olması təsdiqləyib. Vəli Baxşəliyev Naxçıvan ərazisində ən qədim insanların yüz min illər əvvəl yaşadığını, Oğlanqala yaşayış yerinin tarixən Urartu dövlətinin tərkibində olmadığını, əksinə bu dövlətə qarşı fəal mübarizə apardığını sübuta yetirib. Dünyada mədən üsulu ilə duz çıxarılan ən qədim abidənin Naxçıvanda olması, I Kültəpə abidəsinin qədim Neolit dövrü abidəsi olması və başqa mühüm əhəmiyyətə malik tarixi faktların aşkara çıxarılması və beynəlxalq elmi ictimaiyyətə çatdırılması məhz professor Vəli Baxşəliyevin yorulmaz fəaliyyətinin müvəffəq nəticəsidir.
Tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova yeni nəşr haqqında məlumat verərək bildirib ki, “Qədim Culfa” kitabı mündəricat, ön söz, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kitabın ön səhifələrində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü il tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” və 7 oktyabr 2015-ci il tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamlarının mətnləri verilib. Əsərin “Giriş” hissəsində muxtar respublikanın maddi-mədəniyyət abidələrinin zənginliyindən bəhs olunur.
Kitabın birinci fəsli “Culfa rayonunun arxeoloji cəhətdən öyrənilməsi tarixindən”, ikinci fəsli “Culfa rayonunun arxeoloji, tarixi və memarlıq abidələri” adlanır. “Qədim köç yolları və mədəni əlaqələr” adlı üçüncü fəsildə isə Culfa rayonu ərazisinin qədim türk ellərinin yurd adları ilə zəngin olması faktına diqqət çəkilir. Sadalanan toponimlərin izahı oxuculara təqdim olunur. Kitabın nəticə hissəsində tədqiqatlardan əldə edilən elmi nailiyyətlər ümumiləşdirilib, tariximiz, arxeologiyamız üçün mühüm əhəmiyyət kəsb edən faktlar əks olunub. Kitab Azərbaycan və dünya arxeologiya elminə yeni layiqli bir töhfədir.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov kitabın Azərbaycan və dünya arxeologiya elmi üçün önəmindən bəhs ediblər. Vurğulanıb ki, əsərdə Culfa rayonu ərazisində aparılan arxeoloji qazıntılar xronoloji ardıcıllıqla sistemləşdirilib, əldə olunan nəticələr arasında təhlillər aparılıb. Müəlliflər tərəfindən burada mövcud olan qədim dövr abidələri ilə yanaşı, orta əsr abidələrinin də bütünlükdə tədqiqata cəlb olunması, onların morfoloji, tipoloji təhlili əsərin gələcək tədqiqatçılar üçün faydalı elmi mənbə olduğuna dəlalət edir.
Müəllif Vəli Baxşəliyev kitabın nəşrinə, elmin inkişafına, ziyalılara göstərdiyi diqqət və qayğıya görə, dövlətimizə minnətdarlığını bildirib.
Röyal Kərimov