Dövlət İmtahan Mərkəzi tərəfindən ötən ay imtahanların keçirilməsi uğurla davam etdirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq bu il yanvarın 14-də başlayan sertifikasiya imtahanlarının test mərhələsi aprelin 15-dək davam edib. Dövlət İmtahan Mərkəzinin test mərkəzində elektron qaydada keçirilən test mərhələsində muxtar respublika üzrə 5277 təhsilverən sertifikasiya imtahanlarında iştirak edib. Ən yüksək nəticələri alman dili, fransız dili, coğrafiya, ingilis dili və təsviri-incəsənət müəllimiyi, ən aşağı nəticələri isə fiziki tərbiyə və ibtidai sinif müəllimliyi ixtisasları göstərib.

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsində 235 namizəd iştirak edib. Müvəffəqiyyət qazanmış 93 namizəddən 87-nin sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib, 84-ü iddia etdikləri vəzifələrə təyin olunub, 3 namizəd təklif olunan vəzifədən imtina edib, müvafiq keçid balını toplamış 6 namizəd ehtiyat kadr siyahısına salınıb.

13 fevral 2021-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında və 11 mart 2021-ci il tarixdən dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrə sənəd qəbulu davam etdirilib. Ədliyyə orqanlarında işə qəbul üçün 6 namizəd və dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün 717 namizəd sənəd təqdim edib.

Aprel ayında Naxçıvanda ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən tibb işçilərinin işə qəbulu ilə bağlı test imtahanları keçirilib. Müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilib. Müsabiqədə iştirak etmək üçün 116 namizəd sənəd təqdim edib. 26-30 aprel tarixlərində keçirilən imtahanlarda 108 namizəd iştirak edib, onlardan 71 nəfəri keçid balını toplayıb.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq İmtahan Mərkəzinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələrinə “Azərbaycan Respublikasının Konstitusiyası dövlət qulluğuna dair qanunvericiliyin təməlidir” və “Dövlət qulluğuna qəbul üçün müsahibənin keçirilməsi qaydaları” mövzularında seminarlar keçirilib.

Aprel ayında Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında 110, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında 27 nəfər olmaqla, ümumilikdə, 137 nəfər, sınaq imtahanlarında isə 39 nəfər iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: